Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” haqqında Sərəncamının 3.3.7.1-ci bəndində göstərilən – ali və orta təhsil müəssisələrində tələbə, şagird və müəllim heyəti üçün sağlam həyat tərzi barədə maarifləndirici resursların yaradılması və təşviqi ilə bağlı tapşırıqların icrası Xocalı rayonunda da ardıcıl şəkildə həyata keçirilir. Bu istiqamətdə həm gənclərin, həm də ümumilikdə yerli ictimaiyyətin sağlam həyat vərdişlərini formalaşdırmaq məqsədilə müxtəlif təbliğat və maarifləndirici tədbirlər təşkil olunur.
Belə tədbirlərdən biri də Xocalı rayon İcra Hakimiyyəti və Xocalı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət Evində keçirilmişdir. Tədbirdə qarşıya qoyulan əsas məqsəd sağlam həyat tərzinin vacibliyini vurğulamaq, xüsusilə də gənclər arasında zərərli vərdişlərin qarşısının alınması, fiziki aktivliyin artırılması, düzgün qidalanma və psixoloji sağlamlığın qorunması mövzularında maarifləndirmə aparmaq olmuşdur.
Toplantıda yerli idarə və təşkilatların nümayəndələri, müəllim və şagird heyəti, eləcə də gənclər iştirak etmişlər. Çıxış edənlər Strategiyada nəzərdə tutulan hədəflərin əhəmiyyətini qeyd edərək sağlam həyat tərzinin cəmiyyətin ümumi inkişafına təsirindən bəhs etmiş, həmçinin mövzuyla bağlı təqdimatlar nümayiş etdirilmişdir.
Tədbir çərçivəsində iştirakçılara sağlamlıqla bağlı buklet və informasiya materialları paylanmış, sonda sual-cavab sessiyası keçirilərək gənclərin mövzu üzrə biliklərinin möhkəmləndirilməsi təmin olunmuşdur. Bu kimi maarifləndirici proqramların gələcəkdə də mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur