Qlobal təhlükəsizlik və sülh gündəliyi: Azərbaycan təcrübəsi beynəlxalq müzakirələrin mərkəzində.
12 mart 2026-cı ildə Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda Azərbaycan Prezidenti İlham Əliyev “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxış edərək müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik, sabitlik və sülh məsələlərinin getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Dövlət başçısı qeyd etdi ki, bu gün dünyada baş verən geosiyasi dəyişikliklər, yeni münaqişə ocaqlarının yaranması və mövcud gərginliklərin dərinləşməsi ölkələrin təhlükəsizlik siyasətini prioritet istiqamətə çevirib.
Prezident bildirdi ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri olmadan hər hansı sosial-iqtisadi inkişafdan danışmaq mümkün deyil. Bir çox ölkələr uzun illər ərzində əldə etdikləri inkişaf və sabitlik mühitini qorumaq üçün yeni təhlükəsizlik riskləri ilə üz-üzə qalırlar. Buna görə də dövlətlər arasında əməkdaşlıq, beynəlxalq hüququn prinsiplərinə hörmət və siyasi dialoq qlobal sabitliyin təmin olunmasında mühüm rol oynayır.
Çıxışında Azərbaycan dövlət başçısı ölkəmizin uzun illər davam edən münaqişə və işğal dövründə əldə etdiyi təcrübədən də geniş bəhs etdi. Prezident xatırlatdı ki, təxminən 30 il ərzində Azərbaycanın ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal altında qalmışdı və milyonlarla azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Həmin dövrdə beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr kağız üzərində qalır, münaqişənin həlli üçün real addımlar atılmırdı.
Azərbaycan isə öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün həm diplomatik, həm də hərbi vasitələrdən istifadə edərək beynəlxalq hüquqa əsaslanan mövqeyini qorudu. 2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində ölkəmiz işğal olunmuş torpaqlarını azad etdi və bununla regionda yeni geosiyasi reallıq yarandı.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan müharibədən sonra revanşizm siyasəti yürütməyərək sülh təşəbbüsləri ilə çıxış edib. Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması regionda sabitliyin möhkəmlənməsinə xidmət edən mühüm addımlardan biridir. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan artıq yeddi aydır real sülh şəraitində yaşayır və bu sülhün üstünlükləri həm region, həm də beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Bu baxımdan Azərbaycan təcrübəsi müasir dünyada münaqişələrin həlli üçün mühüm nümunə kimi təqdim olunur. Güclü siyasi iradə, beynəlxalq hüquqa əsaslanan mövqe və sülhə sadiqlik regionda davamlı sabitliyin təmin edilməsinin əsas amilləridir.
Xocalı rayon gənci Ayşə Əliyeva.