Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şanlı Keçmişimizdən Parlaq Gələcəyə.

0

  • 28 May – Respublika Günü xalqımızın tarixi yaddaşında xüsusi yeri olan, milli kimliyimizi, azadlıq əzmimizi və dövlətçilik ənənələrimizi əks etdirən müqəddəs bir gündür. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız ilk dəfə olaraq öz suverenliyinə qovuşdu və müsəlman Şərqində ilk parlamentli respublikanın əsasını qoydu. Bu, azərbaycanlıların milli özünüdərk prosesində dönüş nöqtəsi idi və bu irs, bu gün də dövlətçilik ideologiyamızın əsasında dayanır.

    Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti cəmi 23 ay davam etsə də, qoyduğu hüquqi və siyasi əsaslar bu gün müasir Azərbaycanın inkişafında həlledici rol oynayır. Xalq hakimiyyətinə əsaslanan idarəetmə modeli, vətəndaş hüquq və azadlıqlarının tanınması, qadınlara seçki hüququnun verilməsi, dövlət dilinin müəyyənləşdirilməsi və milli ordunun yaradılması kimi addımlar o dövr üçün son dərəcə irəlidə olan qərarlardı.

    1991-ci ildə müstəqillik bərpa edildikdən sonra Azərbaycan xalqı tarixdən gələn bu dəyərlərə əsaslanaraq yenidən dövlət quruculuğu yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bu irs qorundu, möhkəmləndirildi və strateji hədəflərlə zənginləşdirildi. Bu yol bu gün də uğurla davam etdirilir.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqilliyini möhkəmləndirərək regionun lider dövlətinə çevrilmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bu, həm də 1918-ci ildə əsası qoyulan milli dövlətçiliyin müasir təntənəsi idi.

    Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, biz təkcə bu günü deyil, gələcəyi düşünərək addım atırıq. Dövlətin gücləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, təhsil, ordu quruculuğu və milli dəyərlərin qorunması istiqamətində atılan addımlar Azərbaycanın müstəqilliyini dönməz və əbədi etməyi hədəfləyir. Bu baxımdan, Respublika Günü təkcə tarixi bir bayram deyil, həm də strateji inkişaf yolumuzun rəmzidir.

    Azərbaycan bu gün sabitliyi, inkişafı və güclü beynəlxalq mövqeyi ilə Şərqdə bir nümunə kimi çıxış edir. Dövlətçiliyimizin 106 illik yolu bir daha göstərir ki, keçmişimiz nə qədər şanlıdırsa, gələcəyimiz də bir o qədər parlaqdır. Bu parlaq gələcəyin təməlində xalqın birliyi, dövlətə inamı və ölkə rəhbərliyinin uzaqgörən siyasəti dayanır.

    Şanlı keçmişimizdən aldığımız güc və ilhamla, parlaq gələcəyə doğru inamla irəliləyirik. Respublika Günü bu tarixi yolun başlanğıcı kimi hər zaman qürurla xatırlanacaq.

    Vətən müharibəsi iştirakçısı Orxan Məmmədov.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib19 dəfə
    Şanlı Keçmişimizdən Parlaq Gələcəyə.

    Maraqlı gələ bilər
    67
    64