Prezident İlham Əliyevin amnistiya təşəbbüsü müstəqil və suveren Azərbaycan dövlətinin gücünün, özünəinamının və siyasi yetkinliyinin göstəricisidir. Güclü dövlət anlayışı yalnız sərhədlərin qorunması və iqtisadi inkişafla məhdudlaşmır; bu anlayış, eyni zamanda hüquqi ədalətin təmin edilməsi və vətəndaşlara qarşı məsuliyyətli münasibətin formalaşdırılması ilə ölçülür. Amnistiya təşəbbüsü də bu yanaşmanın tərkib hissəsidir.
Suveren Azərbaycan bu gün daxili siyasətini milli maraqlara, Konstitusiyanın tələblərinə və ictimai ədalət prinsipinə uyğun şəkildə həyata keçirir. Amnistiya qərarı, dövlətin cəmiyyət daxilində etimad mühitini möhkəmləndirmək, sosial ədaləti təmin etmək və hüquq-mühafizə sistemində balansı qorumaq məqsədini daşıyır. Bu təşəbbüs, cəzanın məqsədinin intiqam deyil, islah və tərbiyə olduğunu bir daha ön plana çıxarır.
Siyasi baxımdan amnistiya təşəbbüsü dövlət-vətəndaş münasibətlərində dialoq və qarşılıqlı məsuliyyət anlayışını gücləndirir. Bu qərar ailələrin yenidən birləşməsinə, sosial gərginliyin azalmasına və cəmiyyətin bütövlükdə sağlamlaşmasına şərait yaradır. Prezident İlham Əliyevin bu təşəbbüsü sübut edir ki, suveren Azərbaycan dövləti hüquqi qərarlarını güc nümayişi üçün deyil, ədalət və humanizm prinsiplərinə əsaslanaraq qəbul edir.
Xocalı rayon ziyalısı Anar Əliyev