Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşündə mühüm məsələlərdən danışıb. Bu tədbirdə, ölkəmizin digər Türk dövlətləri ilə olan əlaqələri, xüsusilə əməkdaşlığın dərinləşməsi ilə bağlı bir çox mövzuya toxunulub. Prezidentin çıxışı, həm də Türk dünyasının inkişafı və gələcəyi üçün çox əhəmiyyətli mesajlar verdi.
İlk növbədə, Prezident Əliyev Türk Dünyası ölkələri arasında əlaqələrin hər keçən gün daha da gücləndiyini vurğuladı. Bildirdi ki, son iki ildə bu, artıq Azərbaycanla Qırğızıstan arasında olan üçüncü səfəri olub. Hər səfərində Qırğızıstanda inkişafın yeni nümunələrini görüb, bu münasibətlə Qırğızıstanı təbrik edib. Yəni, Türk dünyası ölkələri arasında münasibətlər gündən-günə daha yaxşıya gedir. Bu da öz növbəsində, təşkilatın güclənməsinə və daha çox uğur qazanmasına şərait yaradır.
Prezident İlham Əliyev, Türk Dövlətləri Təşkilatının əsası sayılan Naxçıvan Sazişinin 15 illik yubileyini də qeyd etdi. Bu dövr ərzində Türk Dövlətləri Təşkilatı çox mühüm inkişaf yolu keçib. Təşkilatın əsasını qoyan Naxçıvan Sazişi, Türk dünyasının siyasi və iqtisadi baxımdan birləşməsini təmin etmək üçün böyük əhəmiyyət daşıyır. Bu ilin iyul ayında Şuşa şəhərində keçirilən zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi də, ölkələr arasında əməkdaşlığın daha da artmasına təkan verəcək.
Türk Dövlətləri Təşkilatının maliyyə məsələlərinə də toxunan Prezident, bunun üçün Azərbaycandan əlavə dəstək veriləcəyini qeyd etdi. Belə ki, təşkilatın büdcəsi müəyyən hədəflərin həyata keçirilməsi üçün yetərli deyil. Bu səbəbdən, Azərbaycan 2 milyon dollar məbləğində maliyyə dəstəyi verəcək. Prezident bunu, təşkilatın daha da güclənməsi üçün atılmış mühüm addım kimi təqdim etdi.
Ən mühüm məqamlardan biri isə, təhlükəsizlik və müdafiə məsələlərinə dair olan əməkdaşlıq oldu. Son dövrlərdə dünyada təhlükəsizlik vəziyyəti mürəkkəbləşib. Buna görə də Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq etmələri vacibdir. Prezident İlham Əliyev bildirdi ki, bu sahədə son illər müsbət irəliləyişlər əldə olunub. Hərbi təlimlər keçirilir, silahlı qüvvələr arasında qarşılıqlı təcrübə mübadiləsi aparılır.
Azərbaycan, həmçinin, Şərq-Qərb nəqliyyat dəhlizi ilə bağlı böyük işlər görür. Son illər bu nəqliyyat dəhlizindən istifadə, böyük artım göstərib. Bu dəhliz vasitəsilə, mərkəzi Asiya ölkələri ilə Türkiyə arasında daha çox yük daşınır. Azərbaycan bu istiqamətdə sərmayələrini artıraraq, nəqliyyat sisteminin səmərəliliyini artırmağı qarşısına məqsəd qoyub. Prezidentin dediyinə görə, artıq 2024-cü ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcmi 15 faiz artıb. Bununla yanaşı, Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində bir sıra layihələr həyata keçirilir ki, bu da ölkələr arası ticarəti asanlaşdıracaq və xərcləri azaldacaq.
İşğaldan azad olunan ərazilərin yenidən bərpası da Prezidentin çıxışında xüsusi yer tutdu. Azərbaycan, keçmiş məcburi köçkünlərini öz yurdlarına qaytarmaq üçün Böyük Qayıdış Proqramını həyata keçirir. Ermənsitanın 30 illik işğalından sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır. Bir çox məktəblər və mədəniyyət mərkəzləri tikilir. Prezident, həmçinin, qardaş ölkələrin dəstəyini, xüsusilə məktəblərin tikilməsindəki əməkdaşlıq üçün təşəkkür etdi.
Və nəhayət, Azərbaycan, beynəlxalq miqyasda da böyük uğurlar qazanmağa davam edir. İlham Əliyev, 200-dən çox ölkənin Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi etməsini dəstəklədiyini vurğuladı. Bu, Azərbaycan üçün böyük bir uğurdur və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin də bu mühüm tədbirdə aktiv iştirak etmələri gözlənilir.
Bütövlükdə, Prezident İlham Əliyevin Bişkekdəki çıxışı, Türk Dövlətləri Təşkilatının güclənməsi və daha sıx əməkdaşlıq üçün atılan mühüm addımları və ölkəmizin bu istiqamətdəki rolunu bir daha ortaya qoydu. Türk dünyası ölkələri arasındakı münasibətlər gündən-günə inkişaf edir və bu, regionda sülhün, əmin-amanlığın və tərəqqinin təminatıdır. Azərbaycan isə, bu əməkdaşlığın mühüm oyunçusudur və hər zaman bu təşkilatın möhkəmlənməsi üçün səylərini əsirgəməyəcək.
İslam Bayramov,
Xocalı rayon ziyalısı