9 Noyabr Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix — Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Hər bir xalqın, millətin öz simvolu, kimliyini və mənəvi dəyərlərini ifadə edən rəmzləri olur. Azərbaycan xalqı üçün bu rəmzlərdən ən müqəddəsi, ən əzizi üçrəngli bayrağımızdır. O, xalqımızın azadlıq, müstəqillik və milli birliyinin təcəssümüdür.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin 9 noyabrında üçrəngli bayrağı – mavi, qırmızı və yaşıl zolaqlardan ibarət olan dövlət rəmzini təsdiqlədi. Mavi türklüyü, qırmızı müasirliyi və demokratiyanı, yaşıl isə islam sivilizasiyasına mənsubiyyəti ifadə edirdi. Lakin 1920-ci ildə Cümhuriyyətin süqutu ilə bu müqəddəs bayraq uzun illər unuduldu, qadağan edildi. Yalnız 70 ildən sonra, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız yenidən dövlətimizin rəsmi simvoluna çevrildi.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasında bu bayraq rəsmi olaraq qaldırıldı və həmin vaxtdan başlayaraq bütün ölkədə milli dirçəlişin, azadlıq ruhunun rəmzinə çevrildi. Sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən 9 noyabrın Dövlət Bayrağı Günü kimi qeyd olunması barədə qərarın verilməsi bu simvolun əhəmiyyətini daha da yüksəltdi.
Bu gün üçrəngli bayrağımız təkcə ölkəmizin hər yerində deyil, həm də bütün dünyada dalğalanır. İşğaldan azad edilmiş torpaqlarımızda, şəhərlərimizin, kəndlərimizin üzərində ucalan bu bayraq xalqımızın qəhrəmanlığını, birliyini və qürurunu əks etdirir. Hər bir azərbaycanlı üçün bu bayraq azadlıq, müstəqillik və milli kimlik rəmzidir.