Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq, regionlarda əhalinin sağlam həyat tərzinin təşviqi və idmana əlçatanlığın artırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir. Bu çərçivədə Xocalı rayonunda mövcud idman infrastrukturunun yenilənməsi və səmərəli istifadəsinin təmin olunması əsas istiqamətlərdən biri kimi müəyyən edilmişdir.
Xüsusilə, Xocalı rayon sakinlərinin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə idman imkanlarının genişləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı şəhər 4 saylı tam orta məktəbin həyətində müasir tələblərə cavab verən futbol meydançası inşa olunaraq şagirdlərin və gənclərin istifadəsinə verilmişdir.
Eyni zamanda, Goranboy rayonu ərazisində salınmış Yeni yaşayış massivində fəaliyyət göstərən “Xocalı Cudo Klubu”nun, Goranboy şəhərində yerləşən “Fitnes Klubu”nun, eləcə də Pirşağı qəsəbəsində fəaliyyət göstərən “Xocalı İdman Klubu”nun işinin təşkili və davamlılığı üçün zəruri dəstək tədbirləri həyata keçirilmişdir.
Görülən bu işlər Xocalı Rayon İcra Hakimiyyəti və Xocalı Rayon Gənclər və İdman İdarəsinin birgə fəaliyyəti nəticəsində reallaşdırılmış, gənclərin asudə vaxtının səmərəli təşkili, idmana marağın artırılması və sağlam cəmiyyətin formalaşdırılması məqsədlərinə xidmət etmişdir.
Qeyd olunan tədbirlər gələcək dövrdə də davam etdirilərək Xocalı rayonunda idman infrastrukturunun daha da gücləndirilməsi və əhalinin idmanla məşğul olmaq imkanlarının genişləndirilməsi nəzərdə tutulur.