Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı soyqırımı illər ötdükcə hər birimizin yaddaşına əbədi həkk olunur

0

  • Xocalı qətliamından 32 il keçir. Lakin illər ötdükcə bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunur. Öz miqyasına görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını açıq şəkildə dünyaya nümayiş etdirdilər. 32 il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq və gələcək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır.

    Erməni qəddarlığı haqqında həqiqətlərin dünyaya çatdırılma­sı, dəhşətli faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri ad­dımları atır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində də əksini tapıb. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 25-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb.

    Hər il xalqımız Xocalı soyqırımı­nı böyük kədər, qəm-qüssə ilə anır, şəhidlərimizin ruhuna dualar oxu­yur. Bu il soyqırımının ildönümü ilk dəfədir ki, fərqli şəkildə anılır. Çünki 30 il əvvəl ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovu­şub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın iş­ğalçılıq siyasətinə son qoydu. Düşməni işğal etdiyi ərazilərimizdən qovdu. 200 ildən artıq müddətdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən qəddar Ermənistan ordusu darmadağın edildi. Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qisası alındı.

    2020-ci il sentyabrın 27-dən baş­layan Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun parlaq Zəfəri ilə başa çatdı. Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistanın siyasi və hərbi rəhbərliyi kapitulyasi­ya aktını imzalamağa məcbur oldu. Qarabağ Zəfəri milyonlarla insanın qəlbindəki ağrını azaltmaqla ya­naşı, Xocalı soyqırımını törədən cinayətkarların ədalət məhkəməsi qar­şısında cavab verəcəkləri inamını daha da artırdı. Möhtərəm Prezidentimizin qətiyyəti, ölkəmizin beynəlxalq aləmdə getdikcə artan reytinqi, mövqeyimizin möhkəmləndirilməsi və əlaqələrimizin daha da genişləndirilməsi də təsdiqləyir ki, o gün çox da uzaqda deyil.

    Xocalı soyqırımının otuzuncu ildönümünün respublikamızın bütün ərazilərində anılması ilə əlaqədar dövlət başçımızın 28 yanvar 2022- ci il tarix­li sərəncamında da qeyd edilir ki, bu faciə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biridir.

    1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xo­calı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tut­du. Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqla­rımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.

    Ulu öndər Heydər Əliyev Xocalı faciəsini soydaşlarımıza qarşı soyqırımı adlandırmışdır: “Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.

    Xocalı soyqırımı dünənin, bugünün işi deyildi. Ermənistanın uzun müddət “böyük Ermənistan” dövləti yarat­maq ideyasını reallaşdırmaq uğrunda apardığı qanlı mübarizənin dəhşətli nəticələrindən biridir. İki yüz ildən çox davam edən erməni düşmənçilik siyasəti nəticəsində ərazilərimiz zaman-zaman işğala məruz qalıb, soydaşla­rımız vəhşicəsində qətlə yetirilib. Bu düşmənçilik hələ çar Rusiyası zamanı ermənilərin əzəli Azərbaycan torpa­ğı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Ermənilər məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişərək özününküləşdirməyə cəhd etmiş, münbit əraziləri ələ keçirməyə çalış­mış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxış­dırmış, onlara qarşı qəddarlıq nümayiş etdirmişlər.

    Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək, erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşın­da erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçı­vanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə ya­şayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.

    Azərbaycanlıların öz tarixi-etnik tor­paqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür–Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 min azərbaycanlı erməni silahlı birləşmələri tərəfindən zor gücünə öz doğma ata-baba yurdundan qovulmuşdu. 1988-ci ildə başlayan Qa­rabağ hadisələri, erməni ideoloqlarının “böyük Ermənistan” dövləti yaratmaq kimi cəfəng ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılma­sı, on minlərə günahsız soydaşımızın xüsusi amansızlıqla qətlə yetirilmələri, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.

    Həmin vaxt xarici havadarlarına və ermənipərəst qüvvələrə arxalanan ermənilər, eyni zamanda, dünyada baş alıb gedən özbaşınalıq və ikili stan­dartlardan daha da həyasızlaşırdılar. Belə bir vaxtda erməni faşistləri dün­yada analoqu olmayan Xocalı faciəsini törətdilər. Dünya birliyinin gözü qarşısın­da baş verən bu dəhşətli qətliam xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərini yerlə -yeksan etdi, dinc əhalini gülləbaran etdi, canlarını güclə qurtaranlar qışın soyuğunda, qarda, şaxtada dağlarda, meşələrdə gizləndi. Əksəriyyəti soyuq­dan donaraq öldü. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldü­rülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Soyqırımı baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş və onlardan 150-nin taleyi indi də məlum deyil. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.

    Xocalılar bu amansız soyqırımı günündə azərbaycanlıya xas olan mərdlik, igidlik nümayiş etdirmiş, özlərini əsl qəhrəman kimi apararaq erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə son nəfəslərinə qədər vuruşmuş, düşmən qarşısında əyilməmişlər.

    Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-si­yasi qiymət verilmişdir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etmişdir. Ulu öndərin 1998-ci ildə imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. O dövrdən başla­yaraq, Azərbaycan hökuməti və dünya azərbaycanlıları erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərirlər.

    Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ili böyük izdihamla qeyd olunmuşdur. Soyqırımı qurbanlarının xatirəsi paytaxtımızda 60 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü ilə yad edilmiş­dir. Bu yürüş dünyaynı lərzəyə saldı. Dünya birliyi bu ədalətsizlikılə – Xocalı faciəsi ilə daha yaxından tanış oldu. Ümumxalq yürüşündə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət, eləcə də ictimaiyyət nümayəndələri öndə gedirdilər. Pay­taxtın Azadlıq meydanından başlayan, 60 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurban­larının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insan­lığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.

    Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Heydər Əliyev Fondunun təşkilatçılığı Azərbaycan həqiqətlərinin, Ermənistan –Azərbaycan, Dağlıq Qa­rabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür. Xocalı soyqırımının ildönümü ərəfəsində dünyanın müxtəlif ölkələrində keçirilmiş aksiyalara dəstək məqsədi ilə xüsusi hazırlanmış ekspozisiya və ingilis dilində bukletlər göndərilmişdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri vasitəsilə ABŞ, Cənubi Afrika Respubli­kası, Koreya Respublikası, Belarus, Çe­xiya, Fransa, Gürcüstan, İndoneziya, İs­veç, İngiltərə, İsrail, İordaniya, Kanada, Qətər, Qazaxıstan, Özbəkistan və Ya­poniyada təqdim olunan 17 ekspozisiya və nəşrlərlə yanaşı, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, İspani­ya, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə və Türkmənistan ictimaiyyəti də Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı cinayət və vandalizm aktları barədə geniş məlumat əldə etmişdir.

    Xocalı faciəsi barədə dün­ya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti də yüksək qiymətə layiqdir. Bu kam­paniya çərçivəsində dünyanın müxtəlif ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Kampani­yanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.

    2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı ermənistanın növbəti təxribatlarına cavab verməklə yanaşı, əzəli torpaqlarının işğaldan qurtarıl­ması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı.

    Vətən müharibəsinin gedişatında işğaıçı Ermənistan ordusu öz vəhşiliyini bir daha sübut etdi və beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı yenidən qəddarlıq, amansızlıq nümayiş etdirdi. Gəncəni, Bərdəni, Naftalanı. Tərtəri, Mingəçeviri, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalar­la hədəfə alaraq, bir daha sübut etdi ki, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. Bütün bu vəhşiliklərə baxmayaraq, rəşadətli Azərbaycan Ordusu Ermənistana layiq olduğu yeri göstərdi və düşmən üzərində parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Xocalıların, eləcə də, bütün şəhidlərimizin qisası alındı.
    Seymur İsgəndərov,
    Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı soyqırımı
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib61 dəfə
    Xocalı soyqırımı illər ötdükcə hər birimizin yaddaşına əbədi həkk olunur

    Maraqlı gələ bilər
    25
    43
    37
    37
    32