Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zərifə xanım Əliyeva – Həyatını İnsana Həsr Etmiş Böyük Alim

0

  • Zərifə Əziz qızı Əliyeva – təkcə elm adamı yox, həm də böyük ürəyə sahib bir insan, peşəsinə aşiq olan bir həkim, insanlara şəfa gətirən əllərin sahibi idi. O, 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində dünyaya gəlib. Uşaqlıqdan elmə, biliyə meyilli olan Zərifə xanım, orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə oranı yüksək qiymətlərlə başa vurur. Elə buradan başlayır ömrünün ən böyük yolçuluğu – insanlara xidmət, sağlamlıq uğrunda mübarizə və elmi axtarışlar.

    Oftalmologiya sahəsini seçən Zərifə xanım 1949-cu ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. Həm praktik həkim, həm də alim olaraq çalışır, göz xəstəliklərinin müalicəsində yeni metodlar axtarır. Xüsusilə traxoma xəstəliyinə qarşı apardığı mübarizə onu ölkə səviyyəsində tanıtdırır. Həmin dövrdə traxoma Azərbaycanda geniş yayılmışdı və bu infeksiya bir çox insanı korluğa aparırdı. Zərifə xanım bu xəstəliklə sadəcə tibb kabinetində deyil, Azərbaycanın rayonlarını bir-bir gəzərək, əhalini müayinə edərək, yerli həkimləri maarifləndirərək mübarizə aparırdı. Onun yaratdığı müalicə metodları qısa zamanda bütün ölkədə tətbiq olunmağa başladı və traxoma ilə mübarizədə dönüş nöqtəsi oldu.

    Sadəcə xəstəliyin özünü yox, onun yayılma səbəblərini də dərindən araşdıran Zərifə xanım, uşaq evlərindəki kimsəsiz uşaqları da unutmamışdı. O, bu məkanlara gedərək xəstə uşaqları müayinə edir, lazım gəldikdə əməliyyatlar aparır, profilaktik tədbirlər həyata keçirirdi. 1967-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışaraq minlərlə gənc həkimin yetişməsində əvəzsiz rol oynayır. Onun müəllimi olduğu həkimlər bu gün də onun göstərdiyi yolla addımlayır.

    Zərifə xanım təkcə traxoma ilə deyil, qlaukoma, virus mənşəli göz xəstəlikləri və sənaye mühitində yaranan göz patologiyaları ilə bağlı da dəyərli elmi tədqiqatlar aparıb. O, Azərbaycanın müxtəlif sənaye müəssisələrində işləyən insanların görmə orqanının vəziyyətini illərlə müşahidə edərək, bu sahədə dəyərli nəticələr əldə etmiş, həmin nəticələr əsasında doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun yazdığı monoqrafiyalar – “Şin istehsalında gözün peşə patologiyası”, “Yod sənayesində gözün peşə xəstəliklərinin profilaktikası” kimi əsərlər bu gün də elmi dəyərini qoruyur.

    1981-ci ildə o, görmə orqanının peşə patologiyası üzrə apardığı elmi tədqiqatlara görə SSRİ Tibb Elmləri Akademiyasının ən nüfuzlu mükafatı olan akademik M.İ.Averbax adına mükafata layiq görülür. Bu mükafata layiq görülən ilk azərbaycanlı qadın olmaqla, o, Azərbaycan qadınının elmə, insanlara necə böyük töhfə verə biləcəyini sübut edir.

    Zərifə xanımın elmi işi ilə yanaşı, böyük bir ictimai fəaliyyəti də olmuşdur. SSRİ və Azərbaycan Sülh Komitələrinin fəal üzvü, “Bilik” Cəmiyyətinin idarə heyətinin üzvü kimi cəmiyyətə fayda vermək üçün yorulmadan çalışmışdır. Eyni zamanda “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətində yer alaraq elmi biliklərin yayılmasına da dəstək vermişdir. O, “Yüksək etimad” adlı kitabında isə həkimlik peşəsinin nə qədər məsuliyyətli və insana hörmətlə yanaşmağı tələb edən bir sahə olduğunu sadə və vətəndaş dilində oxuculara çatdırır.

    1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilən Zərifə xanım, həm də yüksək insani keyfiyyətləri ilə fərqlənirdi. Səmimi, qayğıkeş, insanlara dəyər verən bir şəxsiyyət idi. O, öz tələbələrinə yalnız tibbi biliklər deyil, həm də həyat dərsi verirdi. “Həkim hər şeydən əvvəl insan olmalıdır” – bu onun həyat prinsipi idi.

    Zərifə Əliyeva – bir qadın kimi, bir ana kimi, bir alim və bir vətəndaş kimi Azərbaycan tarixində parlaq iz qoymuş şəxsiyyətlərdən biridir. Onun xatirəsi bu gün də böyük ehtiramla anılır, elmi və insani irsi gələcək nəsillər üçün örnək olaraq yaşayır. Aprelin 15-i – Zərifə xanım Əliyevanın anım günü bizə onun nurlu xatirəsini xatırladır və insanlığa xidmətin necə uca bir dəyər olduğunu bir daha göstərir.

    Xocalı rayon ziyalısı Əsgərova Ulduz
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 həft. öncə
    İzlənib26 dəfə
    Zərifə xanım Əliyeva Həyatını İnsana Həsr Etmiş Böyük Alim

    Maraqlı gələ bilər
    83
    82
    71