15 aprel 2025-ci il tarixdə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür. Xocalı rayon İcra Hakimiyyətinin və Xocalı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Akademik Zərifə Əliyevanın Anım günü ilə əlaqədar “Zirvələrə yüksələn zərif insan ömrü” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xocalı RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Xocalı RMX-ın direktoru Aqil Məmmədov və xəstəxana kollektivi iştirak edib.
Rayon icra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva və tibb müəssisəsinin rəhbəri Aqil Məmmədov çıxış edərək görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan danışıb. Qeyd edilib ki, Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası - görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi. Vaxtilə ata evində görüb-götürdükləri respublikanın birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub.
Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.