Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
20 Noyabr – Ağdam Şəhəri Günü: Tarixi Zəfərdən Müasir Yenidənqurma Dövrünə

0



  • 20 noyabr tarixi Azərbaycanın Ağdam şəhəri üçün xüsusi əhəmiyyət kəsb edir. Bu gün 2023-cü ildən etibarən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri siyahısına daxil edilmiş və Ağdam şəhəri günü kimi təsis olunmuşdur. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Bu ifadələr Ağdamın həm tarixi, həm də mədəni irsinin bərpası istiqamətində dövlət siyasətinin möhkəm iradəsini göstərir.

    Ağdam şəhərinin adı qədim türk dilində “kiçik qala” mənasını daşıyır. Tarixi mənbələr göstərir ki, XVIII əsrin birinci yarısında Qarabağ xanlığı dövründə Pənahəli xan bu şəhərdə ağ daşdan imarət tikdirmiş, bu imarət uzun müddət ətraf kənd sakinləri üçün oriyentir rolunu oynamışdır. 1930-cu ildə yaradılmış Ağdam rayonu, Qarabağın mərkəzində, Kür-Araz ovalığının qərbində yerləşir və zəngin təbii və tarixi irsə malikdir. Arxeoloji tədqiqatlar rayonun Eneolit dövründən (e.ə. IV-VI minilliyi) etibarən insanların məskunlaşdığı, yüksək əkinçilik və maldarlıq mədəniyyətinə sahib olduğu barədə məlumat verir.

    Ağdam rayonu 1993-cü il 23 iyul tarixində Ermənistan tərəfindən işğal olunmuş, rayon mərkəzi və 90 kənd işğal nəticəsində 128 min nəfərin məcburi köçkün həyatına məruz qalmasına səbəb olmuşdur. İşğal dövründə 38 kolxoz, 12 sənaye obyekti, 74 məktəb, 271 mədəniyyət evi və Çörək muzeyi düşmən əlinə keçmiş, minlərlə insan şəhid olmuşdur. 1993-cü il 29 iyul tarixində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 853 saylı qətnamə işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Lakin Ermənistan beynəlxalq qərarlara əməl etməmişdir.

    2020-ci ilin Vətən müharibəsi nəticəsində əldə olunan qələbə ilə 10 noyabr tarixində Ağdam işğaldan azad edilmişdir. Bu zəfər həm ərazi bütövlüyümüzün bərpası, həm də insan tələfatının qarşısının alınması baxımından tarixi əhəmiyyət daşıyır. Ağdamın azad olunmasına görə medal 26 noyabr 2020-ci ildə təsis edilmiş və 5.790 hərbi qulluqçu təltif edilmişdir.

    İşğaldan azad edilmiş Ağdam şəhərinin bərpası üçün ardıcıl layihələr həyata keçirilir. 2022-ci ildə təsdiq edilmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” əsasında şəhər Azərbaycanın dördüncü böyük şəhərinə çevriləcək və 100 min nəfərlik əhalinin yaşaması planlaşdırılır. Hazırda şəhərdə və rayonun Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərində tikinti-quruculuq işləri sürətlə davam edir. 2025-ci ilin oktyabr ayına qədər 825 ailə, 3318 nəfər öz doğma torpaqlarına qaytarılmışdır.

    İqtisadi inkişaf sahəsində Ağdam Sənaye Parkı böyük rol oynayır. 190 hektar ərazini əhatə edən parkda hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi davam edir, 938 nəfər daimi işlə təmin olunub. İnfrastruktur layihələrinə dəmir yolu və avtovağzal kompleksi daxildir. Bərdə–Ağdam dəmir yolu xətti çərçivəsində inşa edilmiş kompleks 800-1000 sərnişinə dəmiryolu, 1300-1500 sərnişinə isə avtovağzal xidməti göstərir.

    Mədəni irsin bərpası da diqqət mərkəzindədir. Ağdam Muğam Mərkəzi 474 yerlik konsert zalı, açıq amfiteatr və tədris otaqları ilə Qarabağ muğamının qorunub inkişaf etdirilməsi üçün şərait yaradır. Eyni zamanda, Ağdamda İmarət Kompleksi, Pənahəli xanın sarayı, Qiyaslı kəndində tarixi məscid və Şahbulaq qalası bərpa olunur.

    Prezident İlham Əliyevin Ağdama səfərləri zamanı həyata keçirilən təməlqoyma və açılış mərasimləri şəhərin yenidənqurma prosesini sürətləndirir. 2020-ci ildən 2025-ci ilə qədər aparılan layihələr arasında yeni yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, mehmanxanalar, yollar, su və enerji infrastrukturu, parklar və ictimai məkanlar yer alır.

    Beləliklə, Ağdam şəhəri həm tarixi, həm mədəni, həm də strateji baxımdan Azərbaycanın simvolik şəhərlərindən biri olaraq bərpa olunur. “Böyük Qayıdış” proqramı çərçivəsində şəhər və kəndlərdə həyata keçirilən tikinti-quruculuq işləri, sənaye və mədəniyyət obyektləri Azərbaycanın bölgələrində dayanıqlı inkişafın əyani nümunəsidir. Ağdam, öz əvvəlki şöhrətini bərpa etməklə, Azərbaycanın müasir, inkişaf etmiş və mədəniyyətinə bağlı bölgələrinin simvoluna çevrilir.

    Xocalı rayon gənci Ayşə Əliyeva
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib21 dəfə
    20 Noyabr Ağdam Şəhəri Günü: Tarixi Zəfərdən Müasir Yenidənqurma Dövrünə

    Maraqlı gələ bilər
    66
    86
    269
    84