20 Yanvar – Qanla Yazılan Tarix, Qürurla Yaşanan Yaddaş
20 Yanvar deyəndə insanın ürəyi sızlayır, amma eyni zamanda qürur hissi də baş qaldırır. Mən bu faciəni tarix kitabından oxunan quru bir hadisə kimi yox, xalqın yaddaşına qanla yazılmış bir tale kimi görürəm. O gecə – 1990-cı ilin 19-dan 20-nə keçən gecəsi – Bakı və Azərbaycanın bir neçə bölgəsi üçün adi gecə deyildi. Bu gecə azərbaycanlıların azadlıq istəyinə qarşı sovet imperiyasının amansız güc nümayişi idi. Qadın, uşaq, qoca demədən, dinc insanlar tankların, avtomatların, zirehli maşınların qarşısına çıxdılar və şəhid oldular.
Bu faciəyə aparan yol əslində 1987-ci ildən başlamışdı. Azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri, xalqın etiraz səsinin getdikcə yüksəlməsi Sovet rəhbərliyini qorxuya salmışdı. Amma bu qorxunun qarşısını dialoqla, ədalətlə almaq əvəzinə, Bakıya on minlərlə silahlı əsgər yeridildi. Fövqəladə vəziyyət elan olunmadan, insanlar xəbərdar edilmədən şəhər işğal olundu. Küçələrdə axan qan, sındırılan ümidlər, yarımçıq qalan arzular bu gün də gözümüzün önündədir.
20 Yanvar təkcə böyük bir faciə deyil, həm də Azərbaycan xalqının sarsılmaz iradəsinin sübutudur. O gecə xalq qorxmadı, geri çəkilmədi. Silahsız insanların tanklara qarşı dayanması bir daha göstərdi ki, azadlıq istəyi heç bir hərbi güclə boğula bilməz. Məhz buna görə də 20 Yanvar Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu hadisədən sonra Sovet imperiyası Azərbaycanda mənəvi və siyasi dayaqlarını itirdi. İnsanlar kütləvi şəkildə partiya biletlərini atdı, rejimə olan nifrət açıq şəkildə ortaya çıxdı.
Bu qanlı hadisələrə ilk siyasi-hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi. Həmin dövrdə böyük risklərə baxmayaraq, Moskvada açıq şəkildə Sovet rəhbərliyini ittiham etdi, bunu insanlığa qarşı cinayət adlandırdı. Bu mövqe xalq üçün ümid çırağı oldu. Sonrakı illərdə də məhz onun təşəbbüsü ilə 20 Yanvar faciəsinə rəsmi siyasi-hüquqi qiymət verildi, günahkarlar açıqlandı və şəhidlərin xatirəsi dövlət səviyyəsində əbədiləşdirildi. Şəhidlər Xiyabanında ucaldılan “Əbədi Məşəl” abidəsi bu müqəddəs xatirənin rəmzinə çevrildi.
Bu gün 20 Yanvar şəhidlərinin xatirəsi dövlət tərəfindən yüksək ehtiramla anılır. Hər il yanvarın 20-də saat 12:00-da bütün ölkə bir dəqiqəlik sükuta qərq olur, bayraqlar endirilir, səs siqnalları verilir. Şəhid ailələrinə göstərilən sosial dəstək, onların problemlərinin həlli də bu ehtiramın tərkib hissəsidir. Bu, sadəcə maddi qayğı deyil, xalqın öz şəhidinə sahib çıxmasının göstəricisidir.
20 Yanvar hadisələri həm də milli kimliyimizin formalaşmasında mühüm rol oynadı. Bu faciədən sonra xalq artıq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. Məhz bu yol bizi 1991-ci ilin müstəqilliyinə, daha sonra isə 2020-ci ildə torpaqlarımızın azad olunmasına gətirdi. Bu gün işğaldan azad edilmiş ərazilərdə üçrəngli bayrağımız dalğalanırsa, bunun təməlində 20 Yanvar şəhidlərinin qanı, fədakarlığı dayanır.
Mənim üçün 20 Yanvar həm kədərdir, həm də qürur. Bu gün biz azad bir ölkədə yaşayırıqsa, bunu o gecə şəhid olan insanlara borcluyuq. Onlar canlarını verdilər ki, biz başımız dik, bayrağımız uca yaşayaq. 20 Yanvar – qanla yazılmış, amma qürurla oxunan tariximizdir.
Xocalı rayon ziyalısı Ramil Salahzadə