0
1918-ci il mayın 28-də Azərbaycan xalqı tarixinin ən mühüm və taleyüklü hadisələrindən birinə imza ataraq Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını – Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Bu tarixi hadisə xalqımızın əsrlər boyu yaşatdığı azadlıq və müstəqillik arzularının təntənəsi, milli dövlətçilik ənənələrinin bərpası və milli kimliyimizin dünyaya təqdimatı oldu. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız ölkəmizin deyil, bütövlükdə Şərqin ictimai-siyasi tarixində yeni bir mərhələnin başlanğıcı idi. Azərbaycan xalqı sübut etdi ki, o, öz müqəddəratını müəyyən etməyə, demokratik dövlət qurmağa və müasir idarəçilik prinsiplərini tətbiq etməyə qadirdir.
1918-ci il mayın 28-də Milli Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi Azərbaycanın müstəqilliyini bütün dünyaya bəyan etdi. Bu mühüm sənəd xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin davamı olmaqla yanaşı, milli azadlıq ruhunun daha da güclənməsinə səbəb oldu. Azərbaycan Xalq Cümhuriyyəti xalq hakimiyyəti, insanların hüquq bərabərliyi və demokratik idarəçilik prinsipləri əsasında fəaliyyət göstərərək irqi, milli, dini və sosial ayrı-seçkiliyi aradan qaldırdı, bütün vətəndaşlara bərabər hüquqlar verdi. Dövlət bayrağı, vətəndaşlıq institutu yaradıldı, milli ordu formalaşdırıldı və dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə silinməz iz qoydu. Bu qısa müddət ərzində parlament və hökumət formalaşdırıldı, çoxsaylı qanunlar qəbul edildi, demokratik idarəçilik sistemi quruldu. Qəbul edilən qanunlar ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasına, milli müstəqilliyin möhkəmləndirilməsinə və hüquqi dövlət prinsiplərinin təsbitinə xidmət etdi. Azərbaycan Xalq Cümhuriyyəti həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmağa çalışaraq diplomatik əlaqələrin qurulması istiqamətində mühüm fəaliyyət göstərdi. Paris Sülh Konfransında Azərbaycanın tanınması uğrunda aparılan mübarizə nəticəsində ölkəmiz beynəlxalq hüququn subyekti kimi qəbul edildi və bu, sonrakı dövrlərdə Azərbaycanın dünya siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli şüurunun formalaşmasında və milli mənlik hissinin güclənməsində də mühüm rol oynadı. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Cümhuriyyət müasir dövlətçilik modelinin əsasını qoydu. Təhsil və maarif sahəsində həyata keçirilən islahatlar milli inkişafın təməlini təşkil etdi. Tədrisin ana dilində aparılması haqqında qərarın qəbul olunması, Bakı Dövlət Universitetinin yaradılması və digər təhsil müəssisələrinin təşkili gələcək milli kadr potensialının formalaşmasına xidmət etdi. Ədliyyə sisteminin yaradılması, məhkəmə orqanlarının fəaliyyətinin tənzimlənməsi və hüquqi islahatların həyata keçirilməsi dövlət idarəçiliyinin möhkəmləndirilməsində mühüm rol oynadı.
Azərbaycan xalqı XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olduğunu bəyan etdi. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il İstiqlal Bəyannaməsinə istinad olunaraq müasir Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsdiq edildi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bildi, ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi və milli dövlətçilik ənənələri daha da inkişaf etdirildi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolunu yüksək qiymətləndirərək qeyd edirdi ki, “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü Azərbaycanın dövlət müstəqilliyi günü elan etmişik və bu, bizim milli bayramımızdır”. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasında üçrəngli bayrağımız rəsmi dövlət bayrağı kimi qəbul edildi və bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqil dövlət kimi uğurla inkişaf edir, demokratik və hüquqi dövlət quruculuğu prosesi ardıcıl şəkildə davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xalqımızın müstəqillik əzminin və dövlətçilik iradəsinin təntənəsi oldu. Bu gün üçrəngli dövlət bayrağımız işğaldan azad olunmuş bütün torpaqlarımızda qürurla dalğalanır. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin ideallarının yaşadığını və müasir Azərbaycanın həmin müqəddəs irsi uğurla davam etdirdiyini göstərir.
2021-ci ildə qəbul edilmiş “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 28 May tarixinin Müstəqillik Günü kimi qeyd olunması dövlətçilik tariximizə verilən yüksək dəyərin daha bir nümunəsidir. Bu qərar bir daha təsdiq edir ki, müasir Azərbaycan Respublikası 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir.
Azərbaycan xalqı üçün 28 May yalnız tarixi gün deyil, həm də milli qürur, azadlıq və dövlətçilik rəmzidir. Xalqımız bu əlamətdar tarixi böyük ehtiramla yad edir, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əziz xatirəsini daim minnətdarlıq hissi ilə anır. Bu gün müstəqil Azərbaycan dövləti güclü iqtisadiyyatı, qüdrətli ordusu və milli həmrəyliyi ilə dünya miqyasında öz mövqeyini möhkəmləndirərək gələcəyə inamla addımlayır. Prezident İlham Əliyevin dediyi kimi: “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”
Xocalı rayon ziyalısı Mahnur Məmmədova
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 1 ay öncə |
| İzlənib | 32 dəfə |