26 Avqust – Zəfərdən Dirçəlişə: Laçın Şəhəri Günü.
26 avqust – Laçın şəhəri günü Azərbaycan xalqı üçün xüsusi rəmzi məna daşıyır. Bu gün həm tarixin acı səhifələrini, həm də zəfər və quruculuq mərhələsini özündə birləşdirir. Laçın rayonunun tarixi 1923-cü ildən başlayır. Həmin vaxt Abdallar kəndi Laçın adlandırılaraq şəhər statusu alıb, 1930-cu ildə isə Laçın rayonu inzibati ərazi vahidi kimi formalaşıb. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd, qərbdən isə Ermənistanla həmsərhəd olan rayon təbii sərvətləri, yaylaq sahələri və meşə massivləri ilə seçilib.
1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın ağır sınaqlardan keçdi. İşğal zamanı əhali etnik təmizləməyə məruz qaldı, yüzlərlə insan həlak oldu və itkin düşdü, rayonun infrastrukturuna və mədəni irsinə böyük zərbələr vuruldu. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi və yüzlərlə təsərrüfat obyekti məhv edildi. Şuşa ilə yanaşı Laçının itirilməsi Azərbaycan üçün strateji baxımdan böyük fəlakət idi, çünki bu, Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi əlaqəni təmin edirdi. İşğal illərində Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq Laçının təbii sərvətlərini taladı, demoqrafik tərkibi dəyişdirmək üçün məskunlaşdırma siyasəti həyata keçirdi.
Tarixi ədalət yalnız 2020-ci ildə Vətən müharibəsində qazanılmış qələbədən sonra bərpa olundu. Üçtərəfli bəyanata əsasən 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci ilin 26 avqustunda isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Bu zəfərdə qəhrəmanlıq göstərmiş 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.
Laçın bu gün yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin sözləri ilə desək, Qarabağ və Şərqi Zəngəzur bu gün “cənnətə çevrilir”. Dövlət başçısının sərəncamı ilə 26 avqust Laçın şəhəri günü elan olunub. Azadlıqdan sonra Laçında genişmiqyaslı enerji, yol, sənaye və turizm layihələri həyata keçirilib. Rayonun enerji potensialı 65,5 MVt gücündə 9 su elektrik stansiyasından ibarətdir. Dağıdılmış stansiyalar bərpa olunub, yeniləri tikilib və bu gün Laçın ölkənin “yaşıl enerji” mərkəzlərindən birinə çevrilib.
Nəqliyyat infrastrukturunda da böyük dəyişikliklər baş verib. Kəlbəcər-Laçın avtomobil yolunda tunellər, körpülər tikilir, 2025-ci ilin mayında açılışı keçirilmiş Laçın Beynəlxalq Hava Limanı regiona yeni beynəlxalq status qazandırıb. Qorçu kəndində yerləşən və dəniz səviyyəsindən 1700 metr hündürlükdə inşa olunan bu hava limanı Azərbaycanın ən yüksəkdə yerləşən aeroportudur.
Laçının bərpası konsepsiyasında həm müasirlik, həm də tarixi dəyərlər nəzərə alınıb. Şəhərdə yüzlərlə fərdi ev, çoxmənzilli binalar, məktəblər, xəstəxana, mədəniyyət obyektləri tikilib. “15 dəqiqəlik şəhər” prinsipi əsasında gündəlik ehtiyac obyektləri sakinlərə yaxın məsafədə yerləşdirilir. Laçında sənaye müəssisələri də fəaliyyətə başlayıb – mebel fabriki, prefabrik ev istehsalı, “PIRSHAGHI” ayaqqabı fabriki və digər sənaye obyektləri iş yerləri yaradıb. “Laçın Aqro-Sənaye Parkı”nda 46 müəssisənin fəaliyyət göstərməsi planlaşdırılır.
Heyvandarlıq, arıçılıq və balıqçılıq da inkişaf etdirilir. 2023-cü ildən fəaliyyət göstərən “Həkəri Balıq Təsərrüfatı” ölkədə ilk nərəyetişdirmə kompleksi olmaqla, həm daxili bazar, həm də ixrac üçün imkanlar açır. Turizm infrastrukturunun bir hissəsi kimi Laçın istirahət kompleksi istifadəyə verilib, Hoçazfilm studiyası yaradılıb, çaykənarı bulvar, asma körpü, göl və kotteclər salınıb. 2025-ci ildən Laçında kanat yolu da fəaliyyət göstərəcək.
Bütün bunlarla yanaşı, Böyük Qayıdış proqramı çərçivəsində laçınlıların öz yurdlarına qayıdışı təmin olunur. Artıq minlərlə insan Zabux, Sus, Bəylik və Laçın şəhərində yeni evlərində məskunlaşıb. Bu kəndlərdə uşaq bağçaları, məktəblər, tibb məntəqələri, istirahət parkları inşa olunub.
Laçın bu gün təkcə Azərbaycanın deyil, həm də regionun mədəniyyət mərkəzlərindən birinə çevrilir. 2025-ci ildə Laçın şəhəri “MDB-nin mədəniyyət paytaxtı” elan edilib və iyun ayında bununla bağlı möhtəşəm açılış mərasimi keçirilib. Prezident İlham Əliyevin dəfələrlə etdiyi səfərlər, təməlqoyma və açılış mərasimləri Laçının dirçəliş yolunu daha da sürətləndirib.
26 avqust – Laçın şəhəri günü artıq yalnız işğaldan azad edilmənin simvolu deyil, həm də bərpa, quruculuq və tərəqqinin rəmzinə çevrilib. Bu gün Laçın həm zəfərin, həm də gələcəyin şəhəri kimi Azərbaycanın inkişaf salnaməsində özünəməxsus yer tutur.
Xocalı rayon ziyalısı Elxan Zamanov