0
27 Sentyabr – Anım Günü ərəfəsində Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərin məzarları ziyarət olunub, şəhid ailələri və qazilərlə görüşlər keçirilib.
Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun tapşırığına əsasən rayon üzrə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsinin yad edilməsi, şəhid ailələri və qazilərlə mütəmadi görüşlərin keçirilməsi ənənə halını alıb. Bu görüşlər zamanı onların qayğıları ilə yaxından maraqlanılır, problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür.
25 sentyabr 2026-cı il tarixində Anım Günü münasibətilə keçirilən ziyarətdə Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, rayon icra hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsul əməkdaşları, rayonun idarə və müəssisə rəhbərləri, eləcə də ictimai fəallar iştirak ediblər.
Tədbir çərçivəsində Ağcabədi şəhərinin Şəhidlər Xiyabanında dəfn olunan Ordumuzun əks-kəşfiyyat bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Miriyev Sənan Arif oğlunun, Ağcabədi rayonunun Sarıcalı kənd qəbiristanlığında dəfn edilən kəşfiyyatçı Mustafazadə Ceyhun Şükür oğlunun, Bərdə şəhərinin Şəhidlər Xiyabanında uyuyan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Nəsirov Xəqani Kamran oğlunun, həmçinin Bərdə rayonunun Şirvanlı kənd qəbiristanlığında dəfn edilən Dövlət Sərhəd Xidmətinin kəşfiyyatçı giziri Ramazanlı Əlizamin Umud oğlunun, eyni zamanda Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn edilmiş şəhidimiz Məmmədov Elnur Xurşud oğlunun məzarları ziyarət edilib.
Ziyarət zamanı şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, onların əziz xatirəsi ehtiramla yad olunub və ruhlarına dualar oxunub.
Daha sonra şəhid ailələri ilə keçirilən görüşdə çıxış edən Lamiyə Qarayeva və digər natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, hərbçilərimizin göstərdiyi igidlik və qəhrəmanlıq nümunələrindən bəhs ediblər. Çıxışlarda şəhidlərimizin şərəfli həyat yolu, Vətən uğrunda göstərdikləri şücaət və onların gələcək nəsillər üçün örnək olduğu vurğulanıb.
Görüşlər zamanı şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışılıb, şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı bildirilib.
Şəhid ailələri isə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
| Bölmə | Cəmiyyət |
| Kateqoriya | Cəmiyyət |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 10 saat öncə |
| İzlənib | 21 dəfə |