Xocalı sakinləri üçün 19–20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı sadəcə bir hərbi tədbir deyil, həm də illərlə ürəyimizdə daşıdığımız həsrətə son qoyacaq dönüş nöqtəsi oldu.
Uzun illərdir doğma Xocalımızdan didərgin düşmüşük. Bu illər ərzində hər birimizin qəlbində bir yanğı, bir nisgil yaşayıb. Evimizin qapısı bağlı qaldı, küçələrimiz kimsəsizləşdi, məzarlarımız baxımsız qaldı. Amma heç vaxt ümidimizi itirmədik. Bilirdik ki, bir gün haqq ədalət öz sözünü deyəcək, düşmən torpaqlarımızdan çıxacaq və biz doğma yurdumuza qayıdacağıq.
Antiterror əməliyyatı bu ümidlərimizi gerçəkliyə çevirmək üçün ən böyük addım oldu. Qanunsuz silahlı dəstələrin təxribatları aradan qaldırıldı, təhlükəsizlik təmin olundu və Xocalıya qayıdış üçün real zəmin yaradıldı. Artıq biz Xocalıya yalnız xəyalda deyil, həqiqətdə qayıdacağımız günlərin yaxın olduğunu görürük.
Bu əməliyyat göstərdi ki, Azərbaycan dövləti heç vaxt vətəndaşlarını taleyin ümidinə buraxmır. Dövlətin gücü, ordumuzun peşəkarlığı və xalqımızın birliyi nəticəsində Xocalı sakinləri də doğma torpaqlarına qayıdacaqlar. Bu gün biz həm şəhidlərimizin ruhu qarşısında baş əyirik, həm də gələcək nəsillərə ümidlə baxırıq.
Xocalıya qayıdış yalnız bir kəndin, bir şəhərin bərpası deyil. Bu, həm də milli qürurun, tarixi ədalətin və mənəvi gücün bərpasıdır. Biz inanırıq ki, çox yaxın zamanda Xocalıda həyat yenidən canlanacaq, uşaqların gülüşü küçələrimizdə əks-səda verəcək, doğma ocaqlarımızda yenidən çıraq yandıracaq.
Vətən müharibəsi iştirakçısı Orxan Məmmədov