Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Avropa Siyasi Birliyi” Zirvə görüşündə Azərbaycanın sülh gündəliyi və yeni regional reallıqlar.

0

  • 2026-cı il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edərək regionda formalaşan yeni siyasi reallıqlar, Azərbaycan-Ermənistan münasibətlərində əldə olunan nəticələr və Avropa təsisatlarının yanaşmaları ilə bağlı mühüm mesajlar verdi. Dövlət başçısının çıxışı həm regional sülh perspektivləri, həm də Azərbaycanın beynəlxalq siyasi platformalarda artan rolunun göstəricisi kimi diqqət çəkdi.



    Prezident İlham Əliyev çıxışında ilk növbədə “Avropa Siyasi Birliyi”nin gələcək Zirvə görüşlərindən birinin 2028-ci ildə Azərbaycanda keçiriləcəyini diqqətə çatdırdı. Dövlət başçısı bildirdi ki, bu qərar qarşılıqlı anlaşma və tarazlı yanaşmanın nəticəsidir. Xüsusilə Ermənistanın da Azərbaycanın namizədliyini dəstəkləməsi Prezident tərəfindən sülh prosesinin real nəticəsi kimi qiymətləndirildi. Bu məqam regionda yeni siyasi atmosferin formalaşdığını göstərən mühüm amillərdən biri hesab olunur.



    Prezident vurğuladı ki, Azərbaycan və Ermənistan cəmi doqquz aydır sülh şəraitində yaşayır və tərəflər artıq sülh mühitinə uyğun münasibətlərin qurulmasına çalışırlar. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması regionda uzun illər davam edən qarşıdurmanın aradan qalxması istiqamətində mühüm siyasi addım kimi dəyərləndirilir. Bu proses təkcə siyasi münasibətlərin normallaşmasına deyil, həm də iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına zəmin yaradıb.



    Azərbaycanın sülh təşəbbüslərinin praktik nəticələri Prezident İlham Əliyevin çıxışında konkret rəqəmlərlə ifadə olundu. Dövlət başçısı qeyd etdi ki, 1990-cı illərdən etibarən Ermənistana tətbiq edilən tranzit məhdudiyyətləri birtərəfli qaydada aradan qaldırılıb və artıq Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük daşınıb. Bundan əlavə, Azərbaycan ilk dəfə olaraq Ermənistana benzin və dizel ixrac etməyə başlayıb və indiyədək 12 min ton neft məhsulu göndərilib. Bu faktlar regionda iqtisadi əməkdaşlığın və qarşılıqlı etimadın formalaşmağa başladığını göstərir.



    Prezident İlham Əliyev çıxışında “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsinə də toxunaraq bildirdi ki, bu marşrut Azərbaycanı Naxçıvanla birləşdirəcək və eyni zamanda Orta Dəhlizin mühüm hissəsinə çevriləcək. Bu layihə regionun nəqliyyat-logistika imkanlarını genişləndirəcək, ticarət əlaqələrini gücləndirəcək və Cənubi Qafqazın strateji əhəmiyyətini daha da artıracaq.



    Dövlət başçısı bəzi Avropa təsisatlarının Azərbaycan-Ermənistan sülh prosesinə münasibətini də sərt tənqid etdi. Prezident xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının ikili standartlar nümayiş etdirdiyini vurğuladı. Prezident qeyd etdi ki, Azərbaycan 2023-cü ildə Qarabağda separatizmə son qoyaraq BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələrini həyata keçirib. Lakin buna baxmayaraq, AŞPA tərəfindən Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq olunub. Dövlət başçısı bu yanaşmanın ədalətsiz və qərəzli olduğunu bildirdi.



    Prezident İlham Əliyev Avropa Parlamentinin son illərdə Azərbaycana qarşı qəbul etdiyi qətnamələri də kəskin tənqid edərək qeyd etdi ki, bu qurum regionda sülhün dəstəklənməsi əvəzinə, böhtan və yalanlarla Azərbaycana qarşı təzyiq siyasəti yürüdür. Dövlət başçısı vurğuladı ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını məsuliyyətə cəlb edib. Bunun müqabilində isə bəzi dairələr Azərbaycana qarşı qərəzli kampaniyalar aparırlar.



    Çıxışının sonunda Prezident İlham Əliyev bir daha Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu bəyan etdi. Dövlət başçısı Ermənistanın Zirvə görüşünə ev sahibliyi etməsini təqdir etdiyini bildirərək, regionda davamlı sülhün və əməkdaşlığın mümkün olduğunu vurğuladı. Prezidentin çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində konstruktiv və prinsipial siyasət yürütdüyünü bir daha nümayiş etdirdi.



    Xocalı rayon gənci Anar Əliyev.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 saat öncə
    İzlənib15 dəfə
    “Avropa Siyasi Birliyi” Zirvə görüşündə Azərbaycanın sülh gündəliyi yeni regional reallıqlar.
    Maraqlı gələ bilər
    0