Əkinçidən informasiya cəmiyyətinə
Azərbaycan milli mətbuatının inkişaf yolu özündə yalnız jurnalistikamızın deyil, bütövlükdə xalqımızın milli oyanışı, maariflənməsi, azadlıq və müstəqillik uğrunda mübarizəsinin mərhələlərini ehtiva edir. Bu gün qeyd etdiyimiz 22 İyul – Milli Mətbuat Günü, 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti ilə başlanan bir ideya mübarizəsinin, milli özünüdərkin və ictimai şüurun formalaşmasının simvoluna çevrilmişdir. “Əkinçi” qısa ömürlü olsa da, xalq maarifi, milli dil və kimlik, ictimai-siyasi proseslərdə maarifləndirmə rolu ilə Azərbaycan mətbuatının bünövrəsini qoydu. Çar Rusiyası onun fəaliyyətini dayandırsa da, “Əkinçi”dən sonra ardıcıl olaraq onlarla ana dilli qəzet və jurnal yaranaraq milli mətbuat tariximizi formalaşdırdı.
XX əsrin əvvəllərindən etibarən “Ziya”, “Füyuzat”, “Molla Nəsrəddin”, “İrşad” kimi mətbu orqanlar cəmiyyətin inkişafına mühüm təsir göstərdi, ədəbi dilin cilalanmasında, ictimai fikirin formalaşmasında əvəzsiz rol oynadı. Azərbaycan mətbuatı hər zaman dövrün tələbinə uyğun mövqedən çıxış etmiş, xalqın azadlıq ideallarını təbliğ etmişdir. Müstəqillik dövründə isə milli mətbuatımız yeni mərhələyə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində mətbuatın üzərindən senzura götürüldü, jurnalistlərin fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, media subyektlərinin iqtisadi müstəqilliyi gücləndirildi. Heydər Əliyev media ilə daim birbaşa dialoqa üstünlük verir, jurnalistləri “dövlətin və cəmiyyətin mühüm dayağı” kimi qiymətləndirirdi. Onun hakimiyyəti dövründə mətbuatın azadlığı və jurnalistlərin sosial müdafiəsi istiqamətində atılan addımlar gələcək inkişaf üçün möhkəm təməl oldu.
Prezident İlham Əliyev bu siyasi irsi davam etdirərək medianın azad, qərəzsiz, operativ və milli maraqlara xidmət edən bir qurum kimi inkişafına xüsusi diqqət yetirmişdir. Ölkədə “Media haqqında” yeni qanunun qəbulu, Medianın İnkişafı Agentliyinin yaradılması, media subyektlərinə vergi güzəştləri, jurnalistlərə sosial dəstək tədbirləri bu sahəyə olan dövlət qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə milli mətbuatın 125, 130, 135, 140 və 145 illik yubileyləri geniş şəkildə qeyd olunmuş, 2025-ci ildə isə milli mətbuatımızın 150 illiyi münasibətilə xüsusi yubiley medalı təsis edilmiş və bu əlamətdar tarixin yüksək səviyyədə qeyd olunması üçün Sərəncam imzalanmışdır.
Müasir dövrdə Azərbaycan mətbuatı artıq qlobal informasiya şəbəkəsinin bir parçasına çevrilib. İki dəfə Şuşada keçirilən Qlobal Media Forum, Azərbaycanın informasiya məkanında artan çəkisi və media diplomatiyasındakı fəallığı ölkə mediasının beynəlxalq nüfuzunun göstəricisidir. Eyni zamanda, rəqəmsal transformasiya şəraitində informasiya resurslarımızın dayanıqlı inkişafı və beynəlxalq rəqabətə davamlılığı aktual vəzifəyə çevrilmişdir. Yeni texnologiyalar, süni intellekt, dezinformasiya ilə mübarizə, media savadlılığının artırılması çağırışları jurnalistikanın fəaliyyət trayektoriyasını dəyişməkdədir.
Azərbaycan jurnalistikası bu gün həm də informasiya təhlükəsizliyinin təmin olunması, vətəndaşların düzgün məlumatlandırılması, milli maraqların müdafiəsi kimi taleyüklü vəzifələri yerinə yetirir. Vətən müharibəsi dövründə mətbuatımızın nümayiş etdirdiyi vətənpərvərlik, əzm və peşəkarlıq, informasiya cəbhəsində əldə olunan uğurlar da bunun parlaq nümunəsidir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan jurnalistlərimiz bu gün də dövlətçiliyimizin və cəmiyyətimizin tərəqqisi üçün fədakarlıqla çalışırlar. Mətbuat azadlığı, obyektiv və milli maraqlara xidmət edən informasiya siyasəti, şəffaf və məsuliyyətli jurnalistika Prezident İlham Əliyevin də vurğuladığı kimi müasir Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip kimi təsbit olunması, media subyektlərinə verilən dəstək və güzəştlər, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlər milli mətbuatımızın inkişafının davamlı və sistemli xarakter aldığını göstərir. Bu gün Azərbaycan jurnalistikası yalnız informasiya vasitəsi deyil, eyni zamanda, milli ideologiyanın təbliğatçısı, cəmiyyətin maarifçisi, ictimai rəyin formalaşmasında təsirli güc kimi çıxış edir. Mətbuatımızın sabahkı hüdudlarını müəyyən edən əsas amil isə texnologiyalara uyğunlaşmaqla yanaşı, milli dəyərlərə sədaqət və peşəkar məsuliyyətdir. Azərbaycanın mətbu irsi “Əkinçi” ilə başlanan, bu gün rəqəmsal platformalar vasitəsilə davam etdirilən şərəfli və məsuliyyətli bir yoldur. Bu yol daim dövlətin və xalqın yanında olmuş, bundan sonra da informasiya cəmiyyətinin inşasında, milli birliyin və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində aparıcı qüvvə olmağa davam edəcək.
Xocalı rayon gənci Ziya Əliyev