0
Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat göstərdi ki, iki ölkə arasında münasibətlər artıq təkcə diplomatik çərçivə ilə məhdudlaşmır, geniş və çoxşaxəli əməkdaşlıq mərhələsinə qədəm qoyub. Dövlət başçılarının müntəzəm görüşləri, xüsusilə son illərdə artan təmaslar Azərbaycan və Ukrayna arasında formalaşmış qarşılıqlı etimadın real göstəricisidir. Bu görüşlər həm regional, həm də beynəlxalq məsələlərdə ortaq mövqelərin formalaşdırılmasına xidmət edir.
Azərbaycan ilə Ukrayna arasında siyasi əlaqələrin möhkəmliyi uzun illər əvvəl imzalanmış strateji sənədlərə əsaslanır. Bu sənədlər ölkələrin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyi açıq şəkildə təsbit edir. Bu gün də hər iki dövlət beynəlxalq platformalarda bu prinsipləri müdafiə etməklə bir-birinə sadiqliyini nümayiş etdirir. Bu yanaşma münasibətlərin yalnız bu gün üçün deyil, gələcək üçün də etibarlı zəmin üzərində qurulduğunu göstərir.
İqtisadi əməkdaşlıq sahəsində əldə olunan nəticələr və qarşıda duran perspektivlər xüsusi diqqət çəkir. Energetika sahəsi bu əlaqələrin aparıcı istiqamətlərindən biridir. SOCAR-ın Ukraynada uzun illər ərzində qazandığı uğurlar bu əməkdaşlığın praktik əhəmiyyətini sübut edir. Bununla yanaşı, yeni layihələrin həyata keçirilməsi, qarşılıqlı sərmayə qoyuluşunun artırılması və ticarət dövriyyəsinin genişləndirilməsi məsələləri də gündəmdədir. Mövcud göstəricilər onu deməyə əsas verir ki, tərəflər iqtisadi əməkdaşlıq potensialından hələ tam istifadə etməyib və gələcəkdə bu sahədə daha böyük nailiyyətlər əldə oluna bilər.
Hərbi-texniki sahədə əməkdaşlıq da diqqətdən kənarda qalmır. Azərbaycan və Ukraynanın müdafiə sənayesi sahəsində malik olduğu imkanlar birgə istehsal və texnologiya mübadiləsi üçün əlverişli şərait yaradır. Bu əməkdaşlıq yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmır, eyni zamanda sənaye inkişafına və yeni texnoloji imkanların yaranmasına da təkan verir.
Bundan əlavə, hökumətlərarası komissiyanın fəaliyyəti və müxtəlif səviyyələrdə aparılan məsləhətləşmələr münasibətlərin sistemli şəkildə inkişaf etdirilməsinə xidmət edir. Bu mexanizmlər vasitəsilə tərəflər mövcud layihələri koordinasiya edir, yeni təşəbbüslər irəli sürür və əməkdaşlığın coğrafiyasını genişləndirirlər. Bu isə onu göstərir ki, Azərbaycan-Ukrayna münasibətləri təsadüfi deyil, düşünülmüş və planlı siyasətin nəticəsidir.
Ümumilikdə, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və aparılan müzakirələr göstərir ki, Azərbaycan ilə Ukrayna arasında əlaqələr yüksək inkişaf mərhələsindədir və gələcəkdə daha da dərinləşəcək. Qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Ukrayna Prezidentinin Azərbaycana səfəri isə bu əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənəcəyinə və iki ölkə arasında tərəfdaşlığın daha da möhkəmlənəcəyinə inam yaradır.
Xocalı rayon gənci Ayşə Əliyeva
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 1 saat öncə |
| İzlənib | 14 dəfə |