Azərbaycan və İran arasında münasibətlərin əsrlərə dayanan tarixi mövcuddur. Hər iki xalqın ortaq mədəni, dini və dil əlaqələri tarix boyunca regionun formalaşmasında mühüm rol oynayıb. Sovetlər dövründə bu əlaqələr məhdudlaşsa da, Azərbaycanın 1991-ci ildə müstəqillik qazanmasından sonra Tehran-Bakı münasibətləri yenidən canlanmağa başladı. Lakin bu illər ərzində münasibətlərdə zaman-zaman gərginliklər də yaşanıb. Buna baxmayaraq, son dövrlərdə atılan addımlar iki ölkənin ortaq maraqlara əsaslanan münasibətləri bərpa etmək və daha da inkişaf etdirmək istiqamətində qərarlı olduqlarını sübut edir.
Görüşdə regional sabitlik və qarşılıqlı suverenliyə hörmət əsas diplomatik mövzu kimi ön plana çıxdı. Prezident İlham Əliyev bəyanatında İranla sərhədlərin "dostluq sərhədi" olduğunu və bu münasibətlərin hər zaman qarşılıqlı hörmət üzərində qurulduğunu bildirdi. Prezident Pezeşkian da Azərbaycanın ərazi bütövlüyünə verdikləri dəstəyi bir daha təsdiqlədi və Cənubi Qafqazda sülhün və əməkdaşlığın təmin olunmasında Bakı ilə strateji əməkdaşlığın vacibliyini vurğuladı.
Diplomatik müstəvidə tərəflər beynəlxalq platformalarda qarşılıqlı dəstək, həmçinin Qərb ilə Şərq arasında körpü rolunu oynayan regional təşəbbüslərdə birgə iştirak imkanlarını da müzakirə etdilər. Xüsusilə Azərbaycan vasitəsilə İranın Avropa bazarlarına çıxış imkanları və əksinə, İran üzərindən Azərbaycanın Asiya ilə əlaqələrinin genişlənməsi əsas gündəm mövzularından biri oldu.
Səfər zamanı tərəflər arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi yer verildi. Prezidentlər qarşılıqlı ticarət dövriyyəsinin artırılması, sərmayələrin təşviqi, sənaye zonalarının yaradılması və sərhəd bölgələrində birgə layihələrin icrası barədə razılığa gəldilər. Xüsusilə, Araz çayı boyunca inşa olunacaq hidroqovşaq və suvarma sistemləri, eləcə də yol-nəqliyyat infrastrukturunun birgə inkişaf etdirilməsi diqqət çəkən məsələlərdən oldu.
Zəngəzur dəhlizinin yaradılması ilə bağlı Azərbaycan tərəfinin təkliflərinə İranın müsbət yanaşması bu layihənin bölgədə iqtisadi inteqrasiyanı gücləndirəcək əsas vasitələrdən biri kimi qəbul edildiyini göstərdi. Bu dəhliz vasitəsilə İran həm Mərkəzi Asiyaya, həm də Avropa bazarlarına alternativ ticarət və logistika marşrutları əldə edə bilər. Bu, yalnız ikitərəfli deyil, çoxşaxəli regional əməkdaşlıq üçün də mühüm imkanlar açır.
Xocalı rayon gənci Ramil Salahzadə.