0
2026-cı il mayın 4-də Ciorgia Meloninin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev tərəfindən verilən bəyanat iki ölkə arasındakı strateji tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərdi.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər uzun illərdir uğurla inkişaf edir və bu əməkdaşlıq artıq çoxşaxəli xarakter alıb. Dövlət başçısı qeyd etdi ki, siyasi münasibətlər yüksək səviyyədə olmaqla yanaşı, iqtisadi və ticari əlaqələr də dinamik inkişaf edir.
Prezident bildirdi ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ötən il iki ölkə arasında ticarət dövriyyəsi 12 milyard dollara yaxın olub. Enerji sahəsində əməkdaşlıq isə bu münasibətlərin əsas istiqamətlərindən biridir. Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır və İtaliya bazarı Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev qeyd etdi ki, ötən il ixrac olunan 25 milyard kubmetr qazın 9,5 milyard kubmetri İtaliyaya göndərilib. Bu göstərici Azərbaycanın Avropa enerji bazarında artan rolunu bir daha təsdiqləyir. Dövlət başçısı TAP layihəsinin genişləndirilməsi istiqamətində müzakirələrin aparıldığını və gələcəkdə qaz ixracının artırılmasının mümkün olduğunu bildirdi.
Çıxış zamanı hərbi-texniki əməkdaşlıq sahəsində də yeni perspektivlərin açıldığı vurğulandı. Prezident İlham Əliyev qeyd etdi ki, birgə istehsal layihələrinin həyata keçirilməsi və İtaliya texnologiyalarının Azərbaycan investisiyaları ilə birləşdirilməsi hər iki ölkə üçün faydalı olacaq.
Dövlət başçısı İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətini xüsusi qeyd etdi. Hazırda müxtəlif sahələrdə fəaliyyət göstərən 130-a yaxın İtaliya şirkətinin Azərbaycan iqtisadiyyatına töhfə verdiyi bildirildi. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdə İtaliya şirkətlərinin fəal iştirakı diqqətə çatdırıldı.
Prezident İlham Əliyev təhsil sahəsində əməkdaşlığın inkişafına da toxundu. Bakıda açılmış İtaliya-Azərbaycan Universitetinin artıq yüzlərlə tələbəyə təhsil verdiyi bildirildi. Dövlət başçısı qeyd etdi ki, bu universitet gələcəkdə iki ölkə arasında humanitar və elmi əlaqələrin daha da genişlənməsinə xidmət edəcək.
Prezident çıxışının sonunda vurğuladı ki, Azərbaycan ilə İtaliya arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri gələcək illərdə daha da möhkəmlənəcək və əməkdaşlığın yeni istiqamətləri formalaşacaq.
Xocalı rayon gənci Şəhriyar Quliyev.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 1 ay öncə |
| İzlənib | 38 dəfə |