Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan və Mərkəzi Asiya: strateji tərəfdaşlığın yeni mərhələsi.

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin son illərdə qazandığı strateji məzmunu bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışında siyasi dialoqdan iqtisadi əməkdaşlığa, nəqliyyatdan energetikaya, investisiyalardan humanitar əlaqələrə qədər geniş spektri əhatə edən məsələlər önə çəkildi. Bu yanaşma göstərir ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər artıq yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, ortaq regional maraqlar və uzunmüddətli strateji məqsədlər əsasında inkişaf edir.



    Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvünə çevrilməsi bu prosesin mühüm siyasi nəticələrindən biridir. Dövlət başçısının da qeyd etdiyi kimi, bu tarixi qərarın yekdilliklə dəstəklənməsi Azərbaycanın regionla əlaqələrinin yüksək səviyyəsinin göstəricisidir. Xüsusilə Türkmənistanın və şəxsən Qurbanqulu Berdiməhəmmədovun Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ilə bağlı təşəbbüsü regional əməkdaşlığın daha geniş və əhatəli platformaya çevrilməsinə mühüm töhfə verib. Azərbaycanın bu formatda iştirakı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin daha da dərinləşdirilməsi baxımından yeni imkanlar açır.



    Azərbaycan-Türkmənistan münasibətlərinin sürətli inkişafı isə bu prosesin mühüm istiqamətlərindən biridir. Ötən ildən etibarən ən yüksək səviyyədə beş qarşılıqlı səfərin həyata keçirilməsi iki ölkə arasında siyasi dialoqun intensivliyini və tərəflərin əməkdaşlığı daha da genişləndirmək iradəsini nümayiş etdirir. Bu münasibətlər təkcə siyasi və iqtisadi maraqlarla məhdudlaşmır, xalqlar arasında tarixi, mədəni və mənəvi yaxınlıqla da möhkəmlənir. Füzuli şəhərində Türkmənistanın təşəbbüsü ilə məscidin inşa edilməsi bunun bariz nümunəsidir. Bu layihə qardaş Türkmənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi mənəvi dəstəyin mühüm ifadəsi olmaqla yanaşı, iki xalq arasında dostluğun və həmrəyliyin rəmzinə çevrilir.



    Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində Qarabağ və Şərqi Zəngəzurun bərpası da xüsusi yer tutur. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi qardaş ölkələrin Azərbaycanın yenidənqurma prosesinə verdiyi dəstəyin konkret təzahürləridir. Bu təşəbbüslər sadəcə ayrı-ayrı infrastruktur layihələri deyil, Azərbaycanla Mərkəzi Asiya xalqları arasında həmrəyliyin, qarşılıqlı etimadın və ortaq mənəvi dəyərlərin göstəricisidir. Azad edilmiş ərazilərdə bu ölkələrin adını daşıyan təhsil və mədəniyyət ocaqlarının yaradılması gələcək nəsillər üçün də mühüm simvolik məna daşıyır.



    Son illərdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi-ticari əməkdaşlığın da sürətlə genişlənməsi diqqət çəkir. Qarşılıqlı yüksək səviyyəli səfərlərin müntəzəm xarakter alması, investisiyaların artması və birgə layihələrin həyata keçirilməsi münasibətlərin praktiki məzmununu gücləndirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin ötən il 50 faizdən çox artması bu potensialın real nəticələrə çevrildiyini göstərir. Eyni zamanda, Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi iqtisadi əlaqələrin institusional əsaslarının möhkəmləndiyini nümayiş etdirir.



    Bu əməkdaşlığın növbəti mərhələsi investisiya və istehsal imkanlarının daha geniş şəkildə səfərbər edilməsindən keçir. Azərbaycan tərəfindən Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması bunun üçün mühüm maliyyə mexanizmləri formalaşdırır. Hər bir fondun kapitalının yüz milyonlarla dollar həcmində olması tərəflərin əməkdaşlığı yalnız ticarət mübadiləsi səviyyəsində saxlamaq niyyətində olmadığını göstərir. Əsas məqsəd qarşılıqlı investisiyaların artırılması, yeni istehsal müəssisələrinin yaradılması, sənaye kooperasiyasının genişləndirilməsi və birgə məhsulların dünya bazarlarına çıxarılmasıdır. Belə yanaşma Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi münasibətləri daha dayanıqlı və uzunmüddətli xarakterə çevirə bilər.



    Regional əməkdaşlığın ən mühüm istiqamətlərindən biri isə nəqliyyat və logistika sahəsidir. Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin mühüm coğrafi körpüsünə çevrilir. Azərbaycanın son illərdə liman, dəmir yolu, avtomobil yolları və hava nəqliyyatı infrastrukturlarına böyük investisiyalar yatırması ölkənin regional nəqliyyat-logistika qovşağı kimi mövqeyini daha da gücləndirib. Xəzərin hər iki sahilində yaradılan və inkişaf etdirilən infrastruktur Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarını genişləndirir və eyni zamanda Azərbaycan üçün yeni tranzit imkanları yaradır.



    Bu baxımdan Orta Dəhlizin əhəmiyyəti xüsusilə artır. Asiya ilə Avropanı birləşdirən bu marşrutun inkişafı region ölkələri üçün həm iqtisadi, həm də strateji əhəmiyyət daşıyır. Azərbaycan öz coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və həyata keçirdiyi investisiya layihələri ilə Orta Dəhlizin əsas həlqələrindən birinə çevrilib. Tranzit yükdaşımaların həcminin davamlı artması marşrutun rəqabət qabiliyyətinin yüksəldiyini göstərir. Bu istiqamətdə əsas məqsəd yalnız yük axınının artırılması deyil, daşımaların daha sürətli, təhlükəsiz, səmərəli və rəqabətədavamlı təşkil edilməsidir.



    Nəqliyyat əməkdaşlığı rəqəmsal transformasiya ilə də tamamlanır. “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üzrə görülən işlər regionun rəqəmsal bağlantısının gücləndirilməsinə xidmət edir. Belə layihələr Azərbaycanla Mərkəzi Asiya arasında yalnız fiziki deyil, rəqəmsal əlaqələrin də dərinləşməsinə şərait yaradır. Nəticədə regionun qlobal iqtisadi sistemə inteqrasiyası və informasiya mübadiləsinin sürətlənməsi üçün yeni imkanlar formalaşır.



    Energetika sahəsi də Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının strateji istiqamətlərindən biridir. Azərbaycan Mərkəzi Asiyanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm tranzit ölkə kimi çıxış edir. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə nəqlinin həcminin artması bu sahədə qarşılıqlı asılılığın və əməkdaşlığın dərinləşdiyini göstərir. Bununla yanaşı, yeni enerji gündəliyinin əsas istiqamətlərindən biri bərpaolunan enerji sahəsində əməkdaşlıqdır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində görülən işlər regionun enerji potensialının Avropa və digər beynəlxalq bazarlara çıxarılması baxımından mühüm perspektivlər vəd edir.



    Bütün bunlar göstərir ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq yalnız iqtisadi və nəqliyyat maraqlarının üst-üstə düşməsi ilə izah edilə bilməz. Bu əməkdaşlığın arxasında ortaq tarix, mədəni yaxınlıq, qarşılıqlı etimad və regional sabitliyə dair ümumi baxış dayanır. Prezident İlham Əliyevin çıxışında sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitliyin bütün nailiyyətlərin təməli kimi vurğulanması da məhz bu reallığa əsaslanır. Çünki dayanıqlı iqtisadi inkişaf, genişmiqyaslı investisiyalar, nəqliyyat layihələri və enerji əməkdaşlığı üçün ilk növbədə sabit və təhlükəsiz regional mühit lazımdır.



    Türkmənbaşı görüşündə imzalanan sənədlər də bu əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənədlər Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin konkret layihələr və razılaşmalar əsasında daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır. Beləliklə, Azərbaycan artıq Mərkəzi Asiya ilə münasibətlərdə kənar tərəf deyil, regional əməkdaşlığın tamhüquqlu və fəal iştirakçısıdır.



    Prezident İlham Əliyevin Türkmənbaşı görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın Mərkəzi Asiya siyasətinin uzunmüddətli və strateji xarakter daşıdığını bir daha ortaya qoyur. Siyasi dialoqun yüksək səviyyəsi, qarşılıqlı investisiyaların artması, birgə istehsal müəssisələrinin yaradılması, nəqliyyat dəhlizlərinin inkişafı, enerji əməkdaşlığının genişlənməsi və humanitar əlaqələrin möhkəmlənməsi vahid regional əməkdaşlıq modelinin əsas elementlərinə çevrilir. Azərbaycanın coğrafi mövqeyi, iqtisadi imkanları və həyata keçirdiyi infrastruktur layihələri isə bu prosesdə ölkəyə xüsusi rol qazandırır. Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında formalaşan yeni əməkdaşlıq platforması həm regionun iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına, həm də Avropa ilə Asiya arasında əlaqələrin daha da gücləndirilməsinə xidmət edir. Bu baxımdan Türkmənbaşı görüşü yalnız növbəti dövlət başçıları toplantısı deyil, Azərbaycan və Mərkəzi Asiya arasında strateji tərəfdaşlığın yeni mərhələsinin mühüm siyasi göstəricisi kimi qiymətləndirilə bilər.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi9 saat öncə
    İzlənib19 dəfə
    Azərbaycan və Mərkəzi Asiya: strateji tərəfdaşlığın yeni mərhələsi.
    Maraqlı gələ bilər
    244
    304
    155
    187
    244
    0