Azərbaycanın sülh strategiyası: müharibədən sonra regional əməkdaşlığa doğru.
XIII Qlobal Bakı Forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın müharibədən sonrakı dövrdə həyata keçirdiyi sülh strategiyasının mahiyyətini geniş şəkildə izah etdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda sabitliyin təmin olunması üçün sülh təşəbbüslərini ön plana çəkib.
Prezident bildirdi ki, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar yalnız formal sənədlərlə məhdudlaşmır. Sülh sazişi paraflandıqdan sonra sərhəddə sabitlik təmin olunub, hərbi toqquşmalar dayandırılıb və artıq insan itkiləri baş vermir. Bu isə regionda təhlükəsizlik mühitinin formalaşması baxımından mühüm göstəricidir.
Dövlət başçısı vurğuladı ki, Azərbaycan sülhün real nəticələrini nümayiş etdirmək üçün konkret addımlar atıb. Ermənistan üçün həyati əhəmiyyət daşıyan enerji resurslarının ixracına başlanılması, iqtisadi əlaqələrin bərpası və ticarət imkanlarının yaradılması regionda qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Bu siyasət göstərir ki, Azərbaycan yalnız qısamüddətli deyil, uzunmüddətli və dayanıqlı sülhün tərəfdarıdır.
Prezident İlham Əliyev həmçinin beynəlxalq vasitəçilik mexanizmlərinin fəaliyyətinə də toxundu. Dövlət başçısının sözlərinə görə, uzun illər ərzində fəaliyyət göstərmiş vasitəçilik formatları münaqişənin həllinə real töhfə verməyib və proses faktiki olaraq dondurulmuş vəziyyətdə saxlanılıb. Buna görə də Azərbaycan və Ermənistan sülh danışıqlarını ikitərəfli formatda davam etdirməyə qərar veriblər.
Bu yanaşma nəticəsində danışıqlar prosesi daha səmərəli və operativ xarakter alıb. Prezident qeyd etdi ki, üçüncü tərəflərin müdaxiləsi olmadan aparılan dialoq qısa müddətdə nəticə verib və tərəflər arasında etimad mühiti formalaşmağa başlayıb.
Azərbaycanın sülh strategiyası regionda yeni əməkdaşlıq platformalarının yaranmasına da şərait yaradır. Nəqliyyat, enerji və iqtisadi layihələr vasitəsilə region ölkələri arasında qarşılıqlı asılılıq güclənir ki, bu da uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir.
Xocalı rayon ziyalısı Aqil Məmmədov.