Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycanın artan enerji liderliyi.
İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxışı zamanı son 12 ildə formalaşmış strateji əməkdaşlığın əhəmiyyətini xüsusi vurğuladı. Prezident qeyd etdi ki, məhz birlikdə toplaşaraq enerji təhlükəsizliyi məsələlərini dialoq yolu ilə həll etmək bugünkü mürəkkəb geosiyasi şəraitdə daha böyük əhəmiyyət kəsb edir. Son onillikdə dünya enerji bazarlarında baş verən dəyişikliklər, regional böhranlar və təchizat zəncirində yaranan risklər fonunda Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib.
Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir və boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada birinci yerdədir. Xüsusilə Avropa bazarında mövqelər daha da möhkəmlənib. Almaniya və Avstriyaya qaz tədarükünün başlanması ilə Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı alır. Bu, Cənub Qaz Dəhlizinin yalnız regional deyil, qlobal enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıdığını göstərir.
Prezident hasilat perspektivlərinə də toxunaraq bildirdi ki, yaxın illərdə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından, “Abşeron” yatağının tammiqyaslı işlənməsindən, “Ümid” yatağının ikinci mərhələsindən və “Şahdəniz” yatağının yeni mərhələsindən əlavə 10–15 milyard kubmetr həcmində qaz hasil etmək mümkün olacaq. Lakin bunun üçün mövcud infrastrukturun genişləndirilməsi, yeni interkonnektorların yaradılması və bazarların şaxələndirilməsi zəruridir. Hazırda Cənub Qaz Dəhlizi tam yüklənmiş vəziyyətdədir və artan tələbat əlavə investisiyalar tələb edir.
Bununla yanaşı, Azərbaycan qazın coğrafiyasını genişləndirərək ilk dəfə Suriyaya 1,5 milyard kubmetr qaz tədarükünə başlayıb. Bu addım həm humanitar, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır və Azərbaycanın enerji diplomatiyasının yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Xocalı rayon gənci Bəxtiyar Allahverdiyev.