8 Noyabr tarixi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış ən qürurlu günlərdən biridir. Məhz bu gün 2020-ci ildə qəhrəman Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı işğaldan azad etmiş, xalqımıza böyük qələbə sevinci bəxş etmişdir. Şuşanın azad olunması təkcə hərbi əməliyyatların qələbəsi deyil, həm də milli ruhun, birliyin, vətən sevgisinin təntənəsidir. Şuşa əsrlər boyu Azərbaycanın mədəni, mənəvi və elmi həyatında mühüm rol oynamış, “Qarabağın incisi”, “Azərbaycan mədəniyyətinin paytaxtı” kimi tanınmışdır. Burada yetişən böyük şəxsiyyətlər, şairlər, bəstəkarlar və ziyalılar xalqımızın mənəvi dünyasının formalaşmasına töhfə vermişlər. İşğaldan azad olunduqdan sonra Şuşa yenidən dirçəlir – qədim qalalar, tarixi abidələr, mədəniyyət ocaqları bərpa edilir, şəhər öz əvvəlki şöhrətini daha parlaq şəkildə geri qazanır. Hər il 8 Noyabrda keçirilən Şuşa şəhəri günü tədbirləri Azərbaycan xalqının zəfər ruhunu yaşadır, gənc nəslə vətənpərvərlik, milli qürur və birlik hisslərini aşılayır. Bu gün Şuşa yalnız bir şəhər deyil, Azərbaycan xalqının iradəsinin, dözümünün və mənəvi gücünün simvoludur. 8 Noyabr – Şuşa şəhəri günü xalqımızın tarixə yazdığı şanlı səhifə, milli dirçəlişin və əbədi Zəfərin rəmzidir.
Xocalı rayon ziyalısı Vüsal Mustafayev