0
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar heç zaman yaddaşlardan silinmir, nəsildən-nəslə böyük fəxarət hissi ilə ötürülür. 17 Oktyabr – Füzuli Şəhəri Günü də məhz belə tarixi günlərdən biridir. Bu gün xalqımız üçün yalnız bir şəhərin işğaldan azad olunmasının ildönümü deyil, həm də milli iradəmizin, birliyimizin və Vətənə bağlılığımızın təntənəsidir. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi Azərbaycan xalqının uzun illər həsrətlə gözlədiyi ədalətin bərpası yolunda mühüm hadisə oldu.
Füzuli Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və gözəl təbiəti ilə seçilən bölgələrindən biridir. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan bu torpaq əsrlər boyu xalqımızın həyatında mühüm yer tutmuşdur. Tarixi abidələri, yaşayış məskənləri, əməksevər insanları və milli-mənəvi dəyərləri Füzulinin Azərbaycan üçün nə qədər əziz olduğunu göstərir. Lakin 1993-cü il avqustun 23-də Füzuli şəhərinin və rayonun böyük hissəsinin işğal edilməsi bu torpağın həyatında ağır bir dövrün başlanğıcı oldu.
İşğal nəticəsində minlərlə insan öz doğma yurdundan didərgin düşdü, ailələr illərlə qayıdış ümidi ilə yaşadı. Doğma evini, məktəbini, uşaqlıq xatirələrinin bağlı olduğu küçələri tərk etmək məcburiyyətində qalan insanların yaşadıqları acılar xalqımızın ümumi ağrısına çevrildi. Bununla belə, heç kim inanmadı ki, Füzuli əbədi olaraq işğal altında qalacaq. Hər kəs ürəyində bir gün üçrəngli bayrağımızın həmin torpaqlarda yenidən dalğalanacağına ümid bəsləyirdi.
2020-ci ildə başlayan Vətən müharibəsi bu ümidləri gerçəyə çevirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin illərlə möhkəmləndirdiyi müdafiə xətlərini yararaq Füzuli istiqamətində mühüm hərbi uğurlar qazandı. Füzuli uğrunda döyüşlər müharibənin ən ağır və strateji əhəmiyyətli əməliyyatlarından biri idi. Düşmənin qurduğu istehkamlar, mürəkkəb relyef və çoxsaylı maneələr hərbçilərimizin iradəsini qıra bilmədi. Əksinə, Azərbaycan əsgəri yüksək peşəkarlıq, cəsarət və Vətən sevgisi nümayiş etdirərək qarşıya qoyulan vəzifəni şərəflə yerinə yetirdi.
Oktyabrın 17-də Füzuli şəhərinin, eləcə də Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndlərinin azad edilməsi bütün Azərbaycanda böyük sevinc yaratdı. Bu qələbə təkcə hərbi uğur deyil, həm də illərlə yurd həsrəti çəkən insanların gələcəyə inamının möhkəmlənməsi idi. Həmin gün hər bir azərbaycanlı Füzulinin sevincini öz doğma evinin sevinci kimi yaşadı.
Füzulinin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi xalqımız üçün daim əzizdir. Bu torpaqların azad olunmasında iştirak edən qazilərimizin və hərbçilərimizin qəhrəmanlığı heç vaxt unudulmayacaq. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalının təsis edilməsi də həmin tarixi qəhrəmanlığın dövlət səviyyəsində qiymətləndirilməsinin ifadəsidir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabrın Füzuli Şəhəri Günü kimi müəyyən olunması bu qələbənin tarixi əhəmiyyətini bir daha təsdiqlədi. Artıq bu tarix yalnız keçmişin xatırlanması deyil, həm də Azərbaycanın gələcəyinə inamın ifadəsidir.
Bu gün Füzulidə yeni yaşayış binaları, məktəblər, yollar və digər infrastruktur obyektləri yaradılır. Bir vaxtlar xarabalığa çevrilmiş ərazilərdə yenidən həyatın canlanması hər birimizdə qürur hissi doğurur. İnsanların doğma yurdlarına qayıtması, uşaqların Füzulidə məktəbə getməsi, şəhərin küçələrində gündəlik həyatın bərpası qələbəmizin ən gözəl nəticələrindəndir.
Biz vətəndaşlar üçün Füzuli həm qəhrəmanlıq, həm sədaqət, həm də ümid rəmzidir. Bu şəhərin azadlığı bir daha göstərdi ki, xalq öz milli birliyini qoruyanda və dövlətinə güvənəndə ən çətin sınaqlardan belə qalib çıxa bilir. 17 Oktyabr – Füzuli Şəhəri Günü münasibətilə hər birimizin qəlbində böyük sevinc və minnətdarlıq hissi yaşayır. Füzulinin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qəhrəman qazilərimizə dərin təşəkkürümüzü bildiririk. Bu zəfər xalqımızın tarixində əbədi yaşayacaq.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 10 saat öncə |
| İzlənib | 25 dəfə |