Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə Xocalı rayonunda sağlam həyat tərzinin təbliği istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Bu istiqamətdə növbəti maarifləndirici tədbir 13 yanvar 2026-cı il tarixdə Xocalı Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Təhsil İdarəsinin Xocalı–Xocavənd Təhsil Sektoru və Xocalı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə xocalıların kompakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 4 saylı tam orta məktəbdə keçirilmişdir.
Tədbirdə məktəbin şagirdləri, müəllim heyəti və aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər. Çıxış edənlər sağlam həyat tərzinin gənc nəslin fiziki və mənəvi inkişafında mühüm rol oynadığını, düzgün qidalanma, müntəzəm fiziki fəaliyyət, zərərli vərdişlərdən uzaq durmağın vacibliyini diqqətə çatdırmışlar. Həmçinin sağlam həyat tərzinin təhsildə uğur və sosial fəallıq üçün əsas amillərdən biri olduğu vurğulanmışdır.
Tədbir çərçivəsində şagirdlərlə interaktiv söhbətlər aparılmış, onları maraqlandıran suallar cavablandırılmış və mövzuya dair maarifləndirici materiallar paylanmışdır. Keçirilən tədbir məktəblilər tərəfindən maraqla qarşılanmış və sağlam həyat tərzi ilə bağlı biliklərinin artırılmasına töhfə vermişdir.