2025-ci il ərzində Xocalı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xocalı rayon ümumtəhsil məktəbində 9–11-ci sinif şagirdləri üçün reproduktiv sağlamlıq mövzusunda maarifləndirici sinif saatları təşkil edilmişdir. “Gəncliyin ilk baharı”, “Gələcəyin məsuliyyəti – bu gündən başlayır”, “Yeniyetməlikdən gəncliyə sağlam keçid” mövzularını əhatə edən bu tədbirlər gənclərin fiziki, psixoloji və sosial inkişafına düzgün istiqamət vermək məqsədi daşıyır.
Keçirilən maarifləndirici sinif saatlarının əsas məqsədi yeniyetməlik dövrünün xüsusiyyətləri, bu mərhələdə baş verən dəyişikliklər və həmin dəyişikliklərə sağlam yanaşmanın vacibliyi barədə şagirdlərə düzgün, elmi əsaslı məlumatların çatdırılması olmuşdur. Tədbirlər zamanı şagirdlərə həm fiziki inkişaf, həm psixoloji tarazlıq, həm də sosial münasibətlər baxımından mühüm biliklər verilmişdir.
Maarifləndirici görüşlərdə gigiyena qaydalarına riayət edilməsinin, balanslı qidalanmanın, sağlam həyat tərzinin formalaşdırılmasının və emosional sabitliyin qorunmasının gənclərin gələcək sağlamlığı üçün əsas şərt olduğu xüsusi vurğulanmışdır. Həmçinin şagirdlərin sualları dinlənilmiş, onları maraqlandıran mövzularda ətraflı izahlar verilmiş, interaktiv müzakirələr aparılmışdır.
Şagirdlərin tədbirlərdə fəal iştirakı onların mövzuya olan marağını və diqqətini daha da artırmış, sağlam düşüncənin formalaşmasına müsbət təsir göstərmişdir. Qeyd edilmişdir ki, bu cür maarifləndirici tədbirlər gənclər arasında məsuliyyətli davranışın, düzgün həyat mövqeyinin, özünə inamın və sağlam cəmiyyət düşüncəsinin formalaşmasında mühüm rol oynayır.
Xocalı rayonunda həyata keçirilən bu tip maarifləndirici təşəbbüslər gənc nəslin sağlam ruhda, düzgün dünyagörüşü ilə yetişməsinə və gələcəkdə cəmiyyətin layiqli vətəndaşları kimi formalaşmasına mühüm töhfə verir.