Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Güləşçilərimizin tarixi qələbəsi – xalqın qürur mənbəyi

0

  •  



    Avropa çempionatında Azərbaycan güləşçilərinin komanda hesabında birinci olması ölkəmiz üçün sadəcə idman uğuru deyil, həm də böyük qürur və sevinc mənbəyidir. Prezident İlham Əliyevin çempion idmançılarla görüşündə səsləndirdiyi fikirlər də bunu bir daha təsdiqlədi. Doğrudan da, bu qələbə hər bir azərbaycanlının ürəyindən xəbər verir. Çünki yarış zamanı qaldırılan üçrəngli bayrağımız, səslənən himnimiz hər birimizə xüsusi fəxarət hissi yaşadır.



    Bu uğurun arxasında böyük zəhmət, illərlə davam edən məşqlər və düzgün qurulmuş idman sistemi dayanır. Bu gün Azərbaycan güləşi yalnız keçmişin ənənələrinə söykənmir, eyni zamanda müasir yanaşmalarla daha da inkişaf edir. Sevindirici haldır ki, artıq gənc güləşçilərimiz də tanınmış idmançılarla çiyin-çiyinə dayanaraq böyük nəticələr göstərirlər. Bu isə gələcək uğurlarımızın davamlı olacağından xəbər verir.



    Prezidentin də vurğuladığı kimi, bu gün ölkəmizdə idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Regionlarda fəaliyyət göstərən Olimpiya İdman kompleksləri, güləş zalları və təşkil olunan təlim-məşq toplanışları gənclərin bu sahəyə marağını daha da artırır. Bu şərait isə öz növbəsində yeni çempionların yetişməsinə zəmin yaradır.



    Digər tərəfdən, idman yalnız medal qazanmaq deyil, həm də tərbiyə məktəbidir. Azərbaycan idmançılarının həm yarış meydanında, həm də gündəlik həyatda nümayiş etdirdikləri davranış nümunəvi hesab olunur. Onların intizamı, təvazökarlığı və vətənpərvərliyi gənc nəsil üçün örnəkdir. Bu baxımdan idman uğurları cəmiyyətin mənəvi dəyərlərinin möhkəmlənməsinə də töhfə verir.



    Əlbəttə, idmanda hər zaman yalnız qələbə olmur. Bəzən haqsızlıqlar və ədalətsiz qərarlar da olur. Amma belə məqamlarda belə idmançılarımızın ləyaqətli davranışı Azərbaycanın adını daha da ucaldır. Bu, təkcə güc deyil, həm də xarakter məsələsidir.



    Bu gün Azərbaycan həm idman meydanlarında, həm də beynəlxalq arenada qalib ölkə kimi tanınır. Güləşçilərimizin Avropa çempionatındakı bu tarixi qələbəsi isə bir daha sübut etdi ki, Azərbaycan idmanı düzgün yoldadır və qarşıda bizi daha böyük uğurlar gözləyir. Xalq olaraq inanırıq ki, bu zəfər yalnız başlanğıcdır və bayrağımız gələcək yarışlarda da ən yüksək zirvələrdə dalğalanacaq.



    Xocalı rayon ziyalısı Elməddin Bağırov


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi1 gün öncə
    İzlənib16 dəfə
    Güləşçilərimizin tarixi qələbəsi xalqın qürur mənbəyi
    Maraqlı gələ bilər
    154