Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Bakıda baş tutan görüşü iki ölkə arasında münasibətlərin möhkəmlənməsində mühüm addım oldu. Görüşdən sonra Prezident İlham Əliyev mətbuata bəyanatla çıxış edərək ikitərəfli əlaqələrin perspektivlərini və əməkdaşlığın əhəmiyyətini vurğuladı.
Azərbaycan və Somali arasında diplomatik münasibətlər son illərdə fəal inkişaf edir. Prezident İlham Əliyev bəyanatında Azərbaycanın Afrika ölkələri, xüsusilə də Somali ilə əməkdaşlığa böyük önəm verdiyini və bu münasibətlərin genişləndirilməsinin strateji əhəmiyyət daşıdığını qeyd etdi. O, Azərbaycanın beynəlxalq arenada beynəlxalq hüquqa əsaslanan siyasət yürütdüyünü və bütün tərəfdaş ölkələrlə qarşılıqlı hörmət prinsipi əsasında əməkdaşlıq etdiyini bildirdi. Prezidentin bəyanatında vurğulanan əsas məqamlardan biri iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və ticarət dövriyyəsinin artırılması oldu. Bununla yanaşı, Azərbaycan Somali və digər Afrika ölkələri üçün təhsil proqramları və təqaüd imkanlarını artırmağa hazır olduğunu bildirib. Bu addım gənc kadrların hazırlanmasına və humanitar əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.
Hər iki ölkə beynəlxalq səviyyədə qarşılaşdığı çağırışlarla bağlı oxşar mövqelər nümayiş etdirir. Azərbaycan və Somali ərazi bütövlüyü və suverenlik prinsipini dəstəkləyir və beynəlxalq təşkilatlarda bir-birinə dəstək göstərirlər. Prezident İlham Əliyevin bəyanatı Azərbaycanın Afrika qitəsindəki strateji hədəflərinin bir parçası kimi qiymətləndirilə bilər. Azərbaycan son illərdə Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində Afrika dövlətləri ilə əməkdaşlığı gücləndirir. Prezident Somali ilə münasibətlərin yalnız ikitərəfli deyil, həm də beynəlxalq platformalarda daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu dövrdə Afrika ölkələrinin maraqlarını dəstəkləməsi və Qoşulmama Hərəkatına uğurla rəhbərlik etməsi bu siyasətin davamlılığını nümayiş etdirir. Prezident İlham Əliyevin Somali Prezidenti ilə görüşü və bəyanatı Azərbaycan ilə Afrika dövlətləri arasında yeni əməkdaşlıq istiqamətlərinin təməlini qoydu. İki ölkə arasındakı dostluq münasibətlərinin dərinləşməsi, iqtisadi və humanitar əlaqələrin inkişafı, qlobal platformalarda qarşılıqlı dəstək gələcəkdə daha sıx əməkdaşlığa imkan yaradacaq. Bu görüş həmçinin Azərbaycanın Afrika siyasətində daha fəal rol oynadığını və bu istiqamətdə uğurlu addımlar atmağa davam edəcəyini göstərir.
Lamiyyə Qarayeva
Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri