12 fevral 2025-ci il tarixdə Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mütərəqqi beynəlxalq təcrübənin tətbiqi əsasında sosial xidmət sisteminin təkmilləşdirilməsi, əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə Xocalı rayon əhalisi arasında maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbir zamanı mövcud sosial xidmətlər, onlardan istifadə mexanizmləri və müraciət qaydaları barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, son illərdə həyata keçirilən ardıcıl və uğurlu sosial siyasət nəticəsində həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Xüsusilə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, sosial xidmət müəssisələrini tərk etdikdən sonra yaşayış yeri olmayan şəxslər, əlilliyi olan uşaqlar, baxımsızlıq və sosial təhlükəli vəziyyətə məruz qalmış şəxslər, xəstəlik, əlillik və ya ahıllıq səbəbindən özünəqulluq qabiliyyəti olmayan vətəndaşlar, insan alveri qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər, eləcə də müəyyən yaşayış yeri olmayan və sosial yadırğama vəziyyətində olan şəxslərin sosial xidmətlərlə təminatında əhəmiyyətli irəliləyişlər əldə olunduğu vurğulanmışdır.
Çıxışlarda bildirilib ki, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan sonra həyata keçirilən tədbirlər çətin həyat şəraitində olan vətəndaşların daha münasib həyat şəraitinə qayıtmasına, sosial reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının genişlənməsinə şərait yaratmışdır. Sosial-iqtisadi həyatın bütün sahələrində aparılan islahatlar nəticəsində sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının etibarlı müdafiəsinə yönəlmiş tədbirlərin əhatə dairəsi ildən-ilə genişləndirilməkdədir.
Tədbirdə vurğulanmışdır ki, bu kateqoriyadan olan şəxslərlə bağlı həyata keçirilən dövlət siyasətinin əsas məqsədi onların cəmiyyətin digər üzvləri ilə bərabər hüquqlara malik olmalarının təmin edilməsi, layiqli və dolğun həyat şəraitinin yaradılması, habelə sosial inteqrasiyasının gücləndirilməsidir. Maarifləndirmə tədbiri çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılmış, sosial xidmətlərin əlçatanlığının artırılması istiqamətində görüləcək işlər barədə müzakirələr aparılmışdır.