Konstitusiya və Suverenlik İli çərçivəsində təsdiq olunmuş tədbirlər planına əsasən Xocalı rayonunun bir sıra ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə işğaldan azad edilmiş bölgələrə maarifləndirici ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi məktəblilərdə Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət və azad olunmuş torpaqlarımıza bağlılıq hisslərini gücləndirmək, həmçinin bu ərazilərin tarixi, coğrafiyası, florası, faunası, mədəni abidələri, dini ibadətgahları və adət-ənənələri barədə biliklərini artırmaq olub.
Məktəb rəhbərliyinin təşkilatçılığı ilə baş tutan ekskursiyada şagirdlər Qarabağ bölgəsinin müxtəlif istiqamətlərində yerləşən tarixi və mədəni əhəmiyyətli yerləri ziyarət ediblər. Ekskursiya zamanı onlara bölgənin təbii gözəlliyi, zəngin flora və faunası, qədim yaşayış məskənləri və bərpa olunan abidələr haqqında ətraflı məlumat verilib.
Tədbir çərçivəsində şagirdlər həmçinin dini ibadətgahları ziyarət edib, azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə tanış olublar. Onlar ölkəmizin suverenliyinin qorunması uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlıqları, eləcə də dövlətimizin bu bölgələrin dirçəlişinə göstərdiyi xüsusi diqqət barədə məlumat alıblar.
Ekskursiyada iştirak edən məktəblilər təəssüratlarını bölüşərək bildiriblər ki, azad edilmiş torpaqları ziyarət etmək onlar üçün böyük qürur və fərəh hissidir. Bu səfər, onların vətənpərvərlik ruhunu daha da gücləndirib və doğma yurd torpaqlarının dəyərini dərk etməyə imkan yaradıb.
Belə tədbirlər Konstitusiya və Suverenlik İli çərçivəsində həyata keçirilən maarifləndirici layihələrin mühüm tərkib hissəsidir. Xocalı rayonunun təhsil müəssisələrində gələcəkdə də bu istiqamətdə müxtəlif vətənpərvərlik yönümlü tədbirlərin, görüşlərin və ekskursiyaların keçirilməsi planlaşdırılır.