Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Laçın – tarixdən gələcəyə uzanan möhtəşəm qayıdış

0

  •  



    Laçın Azərbaycan tarixində özünəməxsus yeri olan, zəngin təbiəti, qədim yaşayış məskənləri və strateji əhəmiyyəti ilə seçilən bölgələrimizdəndir. 26 avqustun Laçın şəhəri günü kimi qeyd olunması bu qədim şəhərin tarixinin, keçdiyi ağır sınaqların və bu gün yaşadığı böyük inkişafın bir daha xatırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Laçın şəhəri 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinin adının dəyişdirilərək Laçın adlandırılması və şəhər statusu alması ilə formalaşıb, 1930-cu ildə isə Laçın rayonu inzibati ərazi vahidi kimi yaradılıb.



    Laçının tarixində ən ağrılı səhifələrdən biri 18 may 1992-ci ildə rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasıdır. İşğal nəticəsində Laçın sakinləri doğma torpaqlarından didərgin salınıb, yüzlərlə insan həyatını itirib və ya itkin düşüb. Rayonun sosial və mədəni infrastrukturu dağıdılıb, məktəblər, səhiyyə müəssisələri, mədəniyyət ocaqları, yaşayış evləri və digər obyektlər məhv edilib. Tarixi abidələrə də ciddi ziyan vurulub. Bu illər ərzində laçınlıların ən böyük arzusu doğma torpaqlarına qayıtmaq olub.



    Azərbaycan xalqının bu arzusu Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə gerçəkləşdi. 1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana təhvil verildi. 26 avqust 2022-ci ildə isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Bununla Laçının azadlığı təmin olundu və bölgədə yeni quruculuq mərhələsinin əsası qoyuldu.



    Bu gün Laçında aparılan işlərə baxanda bir həqiqət aydın görünür: burada məqsəd sadəcə dağıdılmış binaları bərpa etmək deyil, müasir, rahat və insanların gələcəkdə qürurla yaşayacağı yeni şəhər yaratmaqdır. Laçının 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plan əsasında şəhərdə yaşayış məhəllələri, məktəblər, xəstəxana, peşə təhsili müəssisələri, mədəniyyət və turizm obyektləri yaradılır. Şəhərin planlaşdırılmasında “15 dəqiqəlik şəhər” prinsipinin tətbiqi də insanların gündəlik ehtiyaclarını rahat şəkildə təmin etməsinə imkan verəcək.



    Laçının yenidən qurulması ilə yanaşı, burada iqtisadi həyatın canlandırılması istiqamətində də mühüm addımlar atılır. Sənaye zonasında mebel fabriki yaradılıb, aqro-sənaye parkında müxtəlif istehsal müəssisələrinin fəaliyyəti nəzərdə tutulub. Ayaqqabı və tikiş fabriklərinin yaradılması isə yerli sakinlərin məşğulluğuna yeni imkanlar açır. Bu müəssisələrin fəaliyyətində əsas diqqətin Laçın sakinlərinin işlə təmin edilməsinə yönəldilməsi xüsusi əhəmiyyət daşıyır.



    Laçının təbii imkanları da onun gələcək inkişafında böyük rol oynayır. Dağları, meşələri, çayları və yaylaqları ilə seçilən rayon kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq, balıqçılıq və turizm üçün geniş imkanlara malikdir. “Həkəri Balıq Təsərrüfatı”nın fəaliyyətə başlaması, arıçılığın inkişafı və yeni turizm obyektlərinin yaradılması bu potensialın artıq real iqtisadi imkanlara çevrildiyini göstərir.



    Laçının yaşıl enerji potensialından istifadə edilməsi də diqqət çəkən istiqamətlərdəndir. Rayon ərazisində bir sıra su elektrik stansiyaları tikilib və yeniləri inşa edilir. 2026-cı ilin iyulunda Hoçaz çayı üzərində yerləşən “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” su elektrik stansiyalarının açılışı keçirilib. Hazırda rayonun elektrik tələbatının böyük hissəsinin yaşıl enerji hesabına qarşılanması Laçının gələcəkdə ekoloji baxımdan dayanıqlı yaşayış məkanına çevrilməsinə də xidmət edir.



    Laçında nəqliyyat imkanlarının genişləndirilməsi də şəhərin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi, tunel və körpülərin inşası bölgənin digər ərazilərlə əlaqəsini daha da asanlaşdıracaq. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə şəhərin turizm və iqtisadi imkanlarını artırmaqla yanaşı, regionun beynəlxalq əhəmiyyətini də gücləndirir.



    Laçının dirçəlişinin ən böyük göstəricisi isə insanların öz doğma torpaqlarına qayıtmasıdır. 2023-cü ilin mayından etibarən laçınlıların şəhərə və rayonun kəndlərinə qayıdışı başlayıb. 2026-cı ilin iyuluna qədər Laçın şəhərinə 614 ailənin, Zabux kəndinə 217 ailənin, Sus kəndinə 59 ailənin, Bəylik kəndinə isə 89 ailənin daimi köçürülməsi təmin edilib. Bu rəqəmlərin arxasında illərlə doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan insanların böyük sevinc və həyəcanı dayanır.



    Bu gün Laçında uşaqlar məktəbə gedir, ailələr yeni evlərində yaşayır, müəssisələr fəaliyyət göstərir, küçələr abadlaşdırılır, parklar və istirahət məkanları yaradılır. Zabux, Sus və Bəylik kimi kəndlərdə də müasir yaşayış üçün bütün lazımi şərait yaradılır. Bu proses göstərir ki, Böyük Qayıdış yalnız insanların fiziki olaraq doğma torpaqlara köçürülməsi deyil, həmin ərazilərdə tam və davamlı həyatın yenidən qurulmasıdır.



    Laçının gələcəyində turizmin də xüsusi yeri olacaq. Çaykənarı bulvarın, istirahət məkanlarının, kotteclərin, əyləncə obyektlərinin və kanat yolunun yaradılması şəhərin həm sakinlər, həm də turistlər üçün cəlbedici məkana çevrilməsinə xidmət edəcək. 2025-ci ildə Laçın şəhərinin “MDB-nin mədəniyyət paytaxtı” elan olunması da onun mədəni və turizm potensialının beynəlxalq səviyyədə diqqət çəkdiyini göstərən mühüm hadisədir.



    11 iyul 2026-cı ildə “Həkəriçay” su anbarının təməlinin qoyulması da Laçının inkişafında mühüm addımlardan biridir. Böyük həcmli su anbarının və magistral boru kəmərinin yaradılması bir sıra rayonların içməli su təminatına töhfə verməklə yanaşı, regionun iqtisadi və sosial inkişafı üçün əlavə imkanlar yaradacaq.



    Laçın şəhəri günü münasibətilə bu şəhərin keçdiyi yola nəzər saldıqda həm qürur, həm də böyük bir məsuliyyət hissi yaranır. Çünki bu gün Laçında gördüyümüz hər yeni bina, hər salınan küçə, hər açılan məktəb və hər qayıdan ailə Azərbaycan xalqının Zəfərinin davamıdır. İşğal illərinin ağır izləri artıq quruculuq və inkişaf mənzərələri ilə əvəz olunur.



    Laçın bu gün keçmişin ağrısını unutmadan gələcəyə baxan şəhərdir. Onun yenidən qurulması Azərbaycanın öz torpaqlarına sahib çıxmasının, milli iradəsinin və Böyük Qayıdış siyasətinin ən parlaq nümunələrindən biridir. 26 avqust – Laçın şəhəri günü isə bizə bir daha xatırladır ki, doğma torpağa qayıdış təkcə bir şəhərin deyil, bütöv bir xalqın böyük arzularının gerçəkləşməsidir.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi22 saat öncə
    İzlənib13 dəfə
    Laçın tarixdən gələcəyə uzanan möhtəşəm qayıdış
    Maraqlı gələ bilər
    195
    244
    145