2025-ci il ərzində Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon gəncləri arasında ailə dəyərlərinin təbliği istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Keçirilən tədbirlərin əsas məqsədi gənclər arasında sağlam ailə modelinin formalaşdırılması, valideyn-övlad münasibətlərinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə hörmət ruhunun aşılanması və ailə institutunun cəmiyyətdəki rolunun təbliği olmuşdur.
İl ərzində “Sağlam ailə – sağlam cəmiyyət”, “Ailə dəyərləri və gənclərin məsuliyyəti”, “Milli-mənəvi dəyərlər ailədən başlayır” mövzularında seminarlar, maarifləndirici görüşlər və dəyirmi masalar təşkil edilmişdir. Tədbirlərdə mütəxəssislərin, psixoloqların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə gənclərə ailə münasibətlərində qarşılıqlı hörmətin, sədaqətin, məsuliyyətin və valideyn məsuliyyətinin əhəmiyyəti barədə ətraflı məlumatlar verilmişdir.
Bu tədbirlər çərçivəsində Xocalı rayon ümumtəhsil müəssisələrinin şagirdləri eləcə də gənclər arasında “Reproduktiv sağlamlıq və qohumlararası nikahın fəsadları” mövzusunda maarifləndirici söhbət aparılmışdır. Görüş zamanı şagirdlərə qohumlararası nikahın cəmiyyət və gələcək nəsillər üçün sağlam olmayan tərəfləri, tibbi və sosial fəsadları barədə ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmış və geniş fikir mübadiləsi aparılmışdır.
Tədbirlər zamanı erkən nikahın fəsadları, ailədaxili münasibətlərdə sağlam ünsiyyətin qurulması, ailə münaqişələrinin psixoloji yollarla həlli və gənclərin ailə həyatına hazırlığı mövzuları da xüsusi diqqət mərkəzində olmuşdur. Gənclərin fəal iştirakı ilə keçirilən müzakirələr onların bu istiqamətdə maariflənməsinə və mövzuya marağının artmasına səbəb olmuşdur.
Qeyd edilmişdir ki, bu səpkili maarifləndirici tədbirlər il ərzində davamlı xarakter daşıyaraq mütəmadi şəkildə təşkil edilmiş, gənclərin sağlam ailə dəyərləri əsasında formalaşmasına, məsuliyyətli və şüurlu vətəndaş kimi yetişməsinə mühüm töhfə vermişdir.