Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ-də və Avropada "Nimesil" dərman vasitəsi qadağa olunub. Səbəbi isə onunla əsaslandırırlar ki, "Nimesil"in çoxsaylı fəsadları var. Məsələn, sözügedən ağrıkəsicinin selikli qişanı, mədənin divarlarını əritdiyi, toksiklik dərəcəsi yuxarı olduğu üçün qaraciyəri dağıtdığı, mədədə yanma hissi yaratdığı, bəzən qanaxmaya səbəb olduğu vurğulanır.
Maraqlıdır ki, Azərbaycanda bu preparat qadağan oluna bilərmi? "Nimesil"in zərərləri daha çox nələrdir?
xocalininsesi.az xəbər verir ki, pediatr, infeksionist Aytən Ziyadova mövzu ilə bağlı Oxu.az-a danışıb.
O qeyd edib ki, "Nimesil", əsasən, ağrıkəsici və iltihab əleyhinə təsir göstərən bir dərmandır və nimesulid adlı aktiv maddəni ehtiva edir:
"Həm uşaqlarda, həm böyüklərdə istifadə olunsa da, bu dərmanın bəzi təhlükəli yan təsirləri mövcuddur.
Böyüklərdə "Nimesil"in zərərlərindən danışarkən əvvəlcə mədə və bağırsaq problemlərini qeyd etməliyik. "Nimesil" mədə-bağırsaq traktında ciddi problemlərə səbəb ola bilər. İltihab, xora və qanama kimi hallardan söhbət gedir. Bundan əlavə, uzun müddət istifadə edildikdə ürək-damar sisteminə təsir edə və yüksək qan təzyiqi, ürək çatışmazlığı, damar problemləri riskini artıra bilər.
"Nimesil" həm də qaraciyər və böyrək funksiyalarına təsir edir. Qaraciyər zədələnməsi və böyrək problemləri, xüsusilə uzun müddət istifadə etdikdə daha çox müşahidə olunur".
Mənbə: https://news.milli.az/health/1260696.html