Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yaddaşımızdan silinməyən qəhrəmanlıq günü

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • 27 Sentyabr tarixini hər il böyük qürur və kövrək hisslərlə qarşılayırıq. Bu tarix bizə Vətən torpağı uğrunda canından keçən oğullarımızı xatırladır. Onların hər biri Azərbaycanın ərazi bütövlüyü, doğma yurdlarımızın azadlığı və gələcək nəsillərin azad ölkədə yaşaması naminə ən böyük fədakarlığı göstərib.



    2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm səhifələrindən birinə çevrildi. Ermənistan silahlı qüvvələrinin hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçdi. Cəmi 44 gün ərzində ordumuz böyük döyüş yolu keçdi, şəhər və kəndlərimiz işğaldan azad edildi. Uzun illər həsrətində olduğumuz torpaqlarımıza qovuşduq.



    Həmin günlərdə cəbhədən gələn hər bir xəbər bütün Azərbaycanı sevindirirdi. İnsanlar ordumuzun uğurlarını böyük həyəcanla izləyirdilər. Çünki bu müharibə təkcə əsgərin döyüşü deyildi. Bütün xalq eyni məqsəd ətrafında birləşmişdi. Ön cəbhədə əsgərimiz, arxa cəbhədə isə xalqımız böyük birlik və həmrəylik nümayiş etdirirdi. Bu birlik Azərbaycanın gücünü bütün dünyaya göstərdi.



    Qələbə xəbərləri bizi sevindirdiyi qədər şəhid xəbərləri də hər birimizin ürəyini ağrıdırdı. Vətən uğrunda həyatını itirən hər bir oğul bütöv Azərbaycanın övladına çevrildi. Onların ailələrinin dərdi bizim dərdimiz, onların qüruru bizim qürurumuz oldu. Şəhidlərimizin adları bu gün məktəblərə, küçələrə verilir, onların xatirəsinə abidələr yaradılır. Ən əsası isə onların adları xalqımızın yaddaşında yaşayır.



    Bu gün azad Qarabağa baxanda həmin igid oğullarımızı xatırlamamaq mümkün deyil. Çünki o torpaqlarda dalğalanan Azərbaycan Bayrağı uğrunda şəhidlərimiz canlarından keçiblər. Onların ən böyük arzusu doğma torpaqlarımızı azad görmək idi. Bu gün həmin torpaqlarda həyatın yenidən qurulması, insanların öz yurdlarına qayıtması onların xatirəsinə ən böyük ehtiram nümunələrindən biridir.



    Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si Anım Günü kimi təsis edilib. Hər il bu tarixdə xalqımız şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir. Saat 12:00-da bütün ölkə ərazisində bir dəqiqəlik sükut elan olunur və Vətən uğrunda canından keçmiş qəhrəmanlarımız anılır.



    27 Sentyabr gələcək nəsillər üçün də unudulmayan tarix olacaq. Uşaqlarımız və gənclərimiz bilməlidirlər ki, azad Vətən bizə böyük mübarizə və qurbanlar hesabına əmanət edilib. Bu əmanəti qorumaq, şəhidlərimizin adını daim uca tutmaq hər birimizin borcudur.



    Şəhidlərimizi yalnız Anım Günündə deyil, hər zaman minnətdarlıqla xatırlamalıyıq. Onların qəhrəmanlığı və Vətən sevgisi xalqımız üçün daim örnək olacaq. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik.



    Allah bütün şəhidlərimizə rəhmət eləsin!


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi15 saat öncə
    İzlənib23 dəfə
    Yaddaşımızdan silinməyən qəhrəmanlıq günü
    Maraqlı gələ bilər
    596