Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Erkən nikahlar, məişət zorakılığı və narkomaniyaya qarşı mübarizədə cəmiyyətin rolu" mövzusunda Xocalı rayon sakinləri ilə maarifləndirici görüş keçirildi

0

  • Cəmiyyətin sağlam inkişafı və gələcək nəsillərin təhlükəsiz, savadlı və sağlam mühitdə böyüməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu baxımdan erkən nikahlar, məişət zorakılığı və narkomaniya kimi sosial problemlərlə mübarizə yalnız hüquq-mühafizə və dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən mühüm vəzifədir. Məhz bu məqsədlə Xocalı rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və Goranboy şəhər 4 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Goranboy rayonunun Yeni yaşayış massivində, Xocalı rayon əhalisinin kompakt şəkildə məskunlaşdığı ərazidə geniş maarifləndirici tədbir keçirilmişdir.



    Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Eşqin Axundlu qeyd etmişdir ki, müasir dövrdə gənclərin düzgün istiqamətləndirilməsi, onların zərərli vərdişlərdən uzaq tutulması və ailə institutunun sağlam əsaslar üzərində qurulması hər bir təhsil müəssisəsinin və bütövlükdə cəmiyyətin əsas vəzifələrindən biridir. O, belə tədbirlərin xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.



    Daha sonra çıxış edən Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lamiyyə Qarayeva erkən nikahların fəsadlarından geniş bəhs etmişdir. Bildirmişdir ki, erkən yaşda qurulan ailələr çox zaman sosial, psixoloji və iqtisadi problemlərlə üzləşir, bu isə həm ailədaxili münasibətlərə, həm də gələcək nəsillərin sağlamlığına mənfi təsir göstərir. O, həmçinin məişət zorakılığının cəmiyyət üçün ciddi təhlükə olduğunu qeyd edərək, bu halların qarşısının alınmasında maarifləndirmənin, hüquqi biliklərin artırılmasının və ictimai qınağın mühüm rol oynadığını diqqətə çatdırmışdır. Lamiyyə Qarayeva təqdim etdiyi maarifləndirici slaydlar vasitəsilə iştirakçılara hər üç mövzu üzrə ətraflı məlumat vermiş, dövlət tərəfindən həyata keçirilən hüquqi-institusional tədbirlər barədə geniş izahat təqdim etmişdir.



    Xocalı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Aqil Məmmədov çıxışında erkən nikahların və narkomaniyanın insan sağlamlığına vurduğu zərərlərdən danışmışdır. O qeyd etmişdir ki, erkən yaşda ana olmaq həm ana, həm də uşaq üçün ciddi tibbi risklər yaradır. Eyni zamanda narkotik vasitələrdən istifadənin orqanizmə dağıdıcı təsiri, psixoloji asılılıq yaratması və sosial həyatdan təcrid olunmaya səbəb olması barədə ətraflı məlumat vermişdir.



    Goranboy rayon Polis Şöbəsinin azyaşlılar üzrə inspektoru Allahyar Dünyamalıyev isə hüquqi aspektlərə toxunaraq erkən nikah, məişət zorakılığı və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mövcud qanunvericilik və məsuliyyət tədbirləri barədə danışmışdır. O, xüsusilə vurğulamışdır ki, bu cür halların qarşısının alınmasında valideynlərin məsuliyyəti və nəzarəti olduqca vacibdir.



    Xocalı rayon Gənclər və İdman Sektorunun əməkdaşı Bəxtiyar Mahmudov çıxışında gənclərin asudə vaxtlarının səmərəli təşkili məsələsinə diqqət çəkmişdir. O qeyd etmişdir ki, idman və mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən gənclər zərərli vərdişlərdən uzaq olur, sağlam həyat tərzi formalaşdırır və cəmiyyətə faydalı vətəndaş kimi yetişirlər.



    Tədbir çərçivəsində narkomaniyaya qarşı mübarizə məqsədilə hazırlanmış maarifləndirici bukletlər könüllülər tərəfindən valideynlərə və şagirdlərə paylanmışdır. Bu bukletlərdə narkotik vasitələrin zərərləri, onların yaratdığı sosial və tibbi fəsadlar, eləcə də qorunma yolları haqqında məlumatlar öz əksini tapmışdır.



    Maarifləndirici tədbirin sonunda erkən nikahlar, məişət zorakılığı və narkomaniya kimi problemləri özündə əks etdirən “Qadın adı” adlı sənədli film nümayiş etdirilmişdir. Film iştirakçılar tərəfindən böyük maraqla izlənilmiş, mövzu ətrafında düşünməyə və müzakirələr aparmağa stimul yaratmışdır.



    Ümumilikdə, keçirilən tədbir bir daha göstərdi ki, erkən nikahlar, məişət zorakılığı və narkomaniya ilə mübarizə kompleks yanaşma tələb edən sosial məsələlərdir. Bu istiqamətdə dövlət qurumlarının fəaliyyəti ilə yanaşı, təhsil müəssisələrinin, ailələrin və bütövlükdə cəmiyyətin birgə səyləri xüsusi əhəmiyyət daşıyır. Maarifləndirmə işlərinin genişləndirilməsi, gənclərin düzgün istiqamətləndirilməsi və ictimai nəzarətin gücləndirilməsi bu problemlərin aradan qaldırılmasında əsas amillərdən biri kimi çıxış edir.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 gün öncə
    İzlənib85 dəfə
    "Erkən nikahlar məişət zorakılığı narkomaniyaya qarşı mübarizədə cəmiyyətin rolu" mövzusunda Xocalı rayon sakinləri ilə maarifləndirici görüş keçirildi
    Maraqlı gələ bilər
    157
    124
    59
    156
    329