0
Vətən müharibəsində qazanılmış Qələbədən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır. Kəlbəcər rayonunun yenidən qurulması, müasir infrastrukturun yaradılması, iqtisadi potensialının inkişaf etdirilməsi və əhalinin doğma yurdlarına qayıdışının təmin olunması bu prosesin mühüm istiqamətlərindəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif illərdə Kəlbəcərə etdiyi səfərlər bölgədə həyata keçirilən layihələrin əhəmiyyətini və dövlətin bu ərazilərin inkişafına göstərdiyi diqqəti nümayiş etdirir.
2021-ci il avqustun 16-da Prezident İlham Əliyevin azad edilmiş Kəlbəcərə səfəri rayonun yeni inkişaf mərhələsində əlamətdar hadisə olmuşdur. Səfər çərçivəsində Kəlbəcər şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılmış, mühüm enerji və nəqliyyat infrastrukturu layihələrinin təməli qoyulmuşdur.
Murovdağ tunelinin, Kəlbəcər–Laçın avtomobil yolu üzərində inşa ediləcək tunelin təməlqoyma mərasimləri, “Kəlbəcər” elektrik yarımstansiyasının açılışı və digər obyektlərlə tanışlıq bölgənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm addımlar olmuşdur.
2022-ci il iyunun 26-da həyata keçirilən səfər zamanı “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışı olmuş, şəhərin Baş planı ilə tanışlıq keçirilmiş, İşğal və Zəfər muzeyləri kompleksinin, Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun və sanatoriyasının təməli qoyulmuşdur.
Bu layihələr Kəlbəcərin yalnız yaşayış məntəqəsi kimi deyil, həm də iqtisadi, mədəni və turizm mərkəzi kimi inkişaf etdirilməsinə yönəlmişdir.
2023-cü il mayın 27-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri çərçivəsində Yanşaq və Zallar kəndlərinin, şəhərin ilk yaşayış məhəlləsinin və məktəb binasının təməli qoyulmuş, “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyalarının açılışı keçirilmişdir. Həmin ilin avqustunda isə Zar kəndinin təməli qoyulmuş, bir sıra enerji obyektləri istifadəyə verilmişdir.
2024-cü il sentyabrın 2-də Kəlbəcərə səfər zamanı “Yuxarı Vəng” Su Elektrik Stansiyasının, “İstisu” mineral su zavodunun və digər mühüm enerji obyektlərinin açılışı olmuşdur. Şəhərdə ikinci yaşayış kompleksinin və inzibati binanın təməli qoyulmuş, təhsil kompleksində və 524 ailəlik yaşayış məhəlləsində aparılan işlərlə tanışlıq keçirilmişdir. İstisu qəsəbəsinin təməlinin qoyulması da bölgənin gələcək inkişafı baxımından mühüm hadisə olmuşdur.
2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri Böyük Qayıdış prosesinin yeni mərhələsi ilə yadda qalmışdır. Səfər çərçivəsində şəhərin üçüncü və dördüncü yaşayış komplekslərinin, şəhər parkının təməli qoyulmuş, yeni iqtisadi və enerji obyektləri istifadəyə verilmişdir.
Həmin səfərin ən əlamətdar hadisələrindən biri doğma Kəlbəcərə qayıtmış sakinlərlə görüşün keçirilməsi və 20 ailəyə yeni mənzillərin açarlarının təqdim edilməsi olmuşdur. Uzun illər öz ata-baba yurdlarından ayrı düşmüş insanların doğma şəhərlərində yeni həyata başlaması bərpa və quruculuq siyasətinin konkret nəticələrini nümayiş etdirir.
Kəlbəcərdə həyata keçirilən layihələrin əsasını insan amili təşkil edir. Müasir yaşayış evlərinin tikilməsi, məktəblərin, səhiyyə müəssisələrinin, istirahət məkanlarının, enerji və nəqliyyat infrastrukturunun yaradılması insanların təhlükəsiz və rahat həyat şəraitinin təmin edilməsinə yönəlmişdir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi rayonun azadlıq tarixinin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Bu gün Kəlbəcərdə aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən inkişaf siyasətinin mühüm nümunəsidir. Yeni yaşayış məhəllələri, müasir yollar, enerji müəssisələri və sosial obyektlər Kəlbəcərin gələcəyinə hesablanmış uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir.
Kəlbəcərin azad olunması tarixi Zəfərimizin, yenidən qurulması isə bu Zəfərin davamlı inkişafla möhkəmləndirilməsinin ifadəsidir. Doğma yurdlarına qayıdan insanların sevinci, bölgədə yenidən canlanan həyat və həyata keçirilən layihələr Azərbaycanın gələcəyə inamla addımladığını nümayiş etdirir.
Xocalı Rayon Gənci Ayşə Əliyeva.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 5 saat öncə |
| İzlənib | 16 dəfə |