20 Yanvar – Sükutun İçində Qışqıran Həqiqət
20 Yanvar mənim üçün təkcə təqvimdə qara çərçivəyə alınmış bir tarix deyil. Bu gün bir xalqın səbrinin daşdığı, susqunluğun qırıldığı, qorxu ilə ləyaqətin üz-üzə gəldiyi gündür. O gecə Bakı küçələrində təkcə güllə səsləri yox, azadlıq üçün döyünən minlərlə ürəyin səsi eşidilirdi. 1990-cı ilin yanvarında baş verənlər təsadüf deyildi – bu, əvvəlcədən planlaşdırılmış, Azərbaycan xalqının iradəsini sındırmağa yönəlmiş bir cinayət idi.
Hər şey illər öncə başlamışdı. Ermənistandan qovulan azərbaycanlıların taleyi, Dağlıq Qarabağ ətrafında aparılan çirkin oyunlar, mərkəzin susqunluğu və ədalətsizliyi xalqı ayağa qaldırmışdı. İnsanlar öz haqqını tələb edirdi. Cavab isə tanklar oldu. Sovet ordusu Bakıya sanki düşmən şəhərinə girirmiş kimi daxil oldu. Küçələrdə atəş açıldı, evlər dağıdıldı, təcili yardım maşınları belə hədəf alındı. Qadın, uşaq, qoca demədən insanlar qətlə yetirildi. O gecə şəhər qan içində idi.
Ən ağrılı məqamlardan biri də odur ki, fövqəladə vəziyyət elan edildiyi belə xalqa vaxtında bildirilməmişdi. İnsanlar nə baş verdiyini anlamadan güllə yağışına tutulmuşdu. Bu, təkcə hüququn deyil, insanlığın da tapdalanması idi. 20 Yanvar sübut etdi ki, sovet rejimi öz vətəndaşına qarşı silah qaldırmaqdan çəkinmir.
Amma bu faciə xalqı sındırmadı. Əksinə, bu qan milli oyanışın möhürünə çevrildi. İnsanlar anladı ki, bu rejimlə bir gələcək mümkün deyil. Məhz 20 Yanvardan sonra müstəqillik ideyası dönməz xarakter aldı. Şəhidlərin dəfni xalqın gücünü, birliyini bütün dünyaya göstərdi. Milyonlarla insan qorxmadan küçələrə çıxdı, öz sözünü dedi.
Bu hadisələrə ilk cəsarətli siyasi mövqeni Ümummilli Lider Heydər Əliyev ortaya qoydu. O, təhlükələrə baxmayaraq, Moskvada açıq şəkildə bu qanlı əməli pislədi, günahkarların adını çəkdi və bunu Azərbaycan xalqına qarşı cinayət adlandırdı. Sonrakı illərdə də məhz onun qətiyyəti sayəsində 20 Yanvar faciəsinə rəsmi siyasi-hüquqi qiymət verildi. Şəhidlərin xatirəsi dövlət səviyyəsində əbədiləşdirildi, bu tarix unudulmağa qoyulmadı.
Bu gün 20 Yanvar təkcə matəm günü deyil, həm də milli ləyaqət günüdür. Hər il bu tarixdə bir dəqiqəlik sükutla şəhidlərimizi yad edərkən, əslində, biz azadlığın qiymətini xatırlayırıq. Bu sükutun içində bir həqiqət qışqırır: Azərbaycan xalqı azadlığını heç vaxt könüllü verməyib, hər qarışını canı bahasına qoruyub.
Bu gün müstəqil Azərbaycanın bayrağı azad torpaqlarda dalğalanırsa, bunun təməlində 20 Yanvar şəhidlərinin fədakarlığı dayanır. Onların qanı yerdə qalmadı. Tarix bunu sübut etdi. 20 Yanvar – xalqın sınaqdan keçdiyi, amma başıuca çıxdığı gündür. Bu gün biz o şəhidlərin qarşısında borcluyuq: yaddaşımızla, birliyimizlə və müstəqilliyimizi daim qorumaqla.
Xocalı rayon ziyalısı Ülviyyə Əhmədova