0
Azərbaycan və Özbəkistan arasında münasibətlər tarixi, milli-mədəni və mənəvi yaxınlıq üzərində qurulsa da, bu əlaqələr artıq müasir dövrün tələblərinə uyğun olaraq genişmiqyaslı iqtisadi və strateji əməkdaşlığa çevrilib. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı verdiyi bəyanat iki ölkənin qarşılıqlı münasibətlərində yeni mərhələnin formalaşdığını göstərməklə yanaşı, Daşkəndin son illərdə keçdiyi inkişaf yoluna da yüksək qiymət verilməsi ilə diqqət çəkib.
Özbəkistanın sürətli inkişafı ölkənin iqtisadiyyatının müxtəlif istiqamətlərində həyata keçirilən islahatların nəticəsidir. Sənayenin inkişafı, kənd təsərrüfatının modernləşdirilməsi, energetika və nəqliyyat infrastrukturunun yenilənməsi, investisiya imkanlarının artırılması ölkənin regional və beynəlxalq mövqeyini daha da gücləndirib. Azərbaycan Prezidentinin bu prosesləri xüsusi qeyd etməsi iki ölkənin bir-birinin inkişaf təcrübəsinə və əldə etdiyi nailiyyətlərə böyük hörmətlə yanaşdığını göstərir.
İkitərəfli münasibətlərdə iqtisadi amil getdikcə daha böyük rol oynayır. Ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması hədəfi bunun ən mühüm göstəricilərindən biridir. Burada əsas məsələ yalnız ticarət rəqəmlərinin artırılması deyil, həm də iki ölkənin istehsal və investisiya potensialının bir-birinə bağlanmasıdır. Qarşılıqlı investisiya layihələrinin genişlənməsi iqtisadi əlaqələrin daha davamlı və uzunmüddətli xarakter almasına imkan verir.
Əməkdaşlığın coğrafiyası və istiqamətləri də genişlənməkdədir. Enerji sahəsində birgə layihələr, neft-qaz kəşfiyyatı, nəqliyyat bağlantılarının inkişafı, avtomobil sənayesi, kənd təsərrüfatı, turizm və bankçılıq kimi sahələrdə görülən işlər iki ölkə arasında iqtisadi münasibətlərin artıq çoxşaxəli xarakter aldığını göstərir. SOCAR-ın Özbəkistan bazarında fəaliyyətinin genişlənməsi və Azərbaycanın aparıcı banklarından birinin Özbəkistan bazarına daxil olması da bu prosesin mühüm elementlərindəndir.
Azərbaycan və Özbəkistanın əməkdaşlığı regionlararası əlaqələrin inkişafına da xüsusi təkan verir. Bakı və Daşkənd əsas mərkəzlər olsa da, birgə layihələrin müxtəlif bölgələri əhatə etməsi iqtisadi əməkdaşlığın daha geniş coğrafiyaya yayılmasına imkan yaradır. Regionlararası forumların keçirilməsi də sahibkarlar, investorlar və yerli idarəetmə strukturları arasında birbaşa əlaqələrin güclənməsinə şərait yaradır.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr isə Azərbaycan–Özbəkistan dostluğunun xüsusi səhifəsini təşkil edir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi, Xankəndidə tikiş fabrikinə investisiya yatırılması və Qarabağda digər layihələrin nəzərdə tutulması Özbəkistanın Azərbaycanın bərpa prosesinə verdiyi dəstəyin konkret ifadəsidir. Bu addımlar iki xalq arasında dostluğun yalnız siyasi bəyanatlarla deyil, real layihələrlə də möhkəmləndiyini göstərir.
Mərkəzi Asiya və Azərbaycan arasında əlaqələrin inkişafında iki ölkənin əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Nəqliyyat dəhlizlərinin genişləndirilməsi, ticarət yollarının şaxələndirilməsi və qarşılıqlı investisiyaların artırılması regionun iqtisadi potensialını yüksəldə bilər. Azərbaycanla Özbəkistanın əməkdaşlığı bu baxımdan daha geniş geoiqtisadi proseslərin mühüm hissəsinə çevrilir.
Prezident İlham Əliyevin bəyanatında səslənən fikirlərdən aydın görünür ki, qarşıda duran məqsədlər konkret fəaliyyət planlarına əsaslanır. Artıq layihələr müəyyənləşdirilib, investisiya istiqamətləri formalaşdırılıb və müxtəlif sahələrdə praktiki addımlar atılır. Bu isə Azərbaycan–Özbəkistan münasibətlərinin gələcəkdə daha böyük iqtisadi nəticələr verəcəyinə əsas yaradır.
İki qardaş ölkənin birgə fəaliyyəti həm Azərbaycan, həm də Özbəkistan üçün yeni imkanlar açır. Qarşılıqlı etimad, siyasi iradə və iqtisadi maraqların uzlaşdırılması nəticəsində formalaşan bu tərəfdaşlıq gələcək illərdə daha böyük layihələrin həyata keçirilməsinə və regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verəcək.
Xocalı rayon ziyalısı Zülfü Quliyev.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 22 saat öncə |
| İzlənib | 7 dəfə |