Mənim üçün 20 Sentyabr – Dövlət Suverenliyi Günü sadəcə bir tarix deyil, əsrlərlə davam edən mübarizəmizin, xalqımızın əzm və iradəsinin təntənəsidir. Azərbaycan xalqı hər zaman azad yaşamaq, öz taleyini özü müəyyənləşdirmək istəyib. Tarixin müxtəlif mərhələlərində üzləşdiyimiz işğal, məhrumiyyət, soyqırımı və dağıntılar bu istəyimizi heç vaxt sındıra bilmədi. Çünki biz bilirdik ki, müstəqillikdən, dövlətçilikdən, suverenlikdən dəyərli heç nə yoxdur. Bu gün başımız dik, alnımız açıq şəkildə deyə bilirik ki, qəhrəman övladlarımızın canı, qanı bahasına əldə edilmiş müstəqilliyimiz və bütövlüyümüz artıq tam bərpa olunub.
Düz bir il əvvəl Azərbaycan Ordusunun keçirdiyi qısa, amma qətiyyətli antiterror əməliyyatı ilə separatçılara son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, Qarabağda dövlətimizin suverenliyi bərpa olundu. Bununla da xalqımızın onilliklərdir arzuladığı böyük gün gəldi – Azərbaycan artıq bütün sərhədləri boyunca suveren hakimiyyətini təmin etmiş oldu. Prezidentimizin dediyi kimi, beynəlxalq hüquq zəfər çaldı, Azərbaycan öz gücünü bir daha göstərdi.
Əslində, bu yol asan olmadı. 30 ildən çox işğal, dağıntılar, məcburi köçkünlük, Xocalı kimi dəhşətli faciələr yaşadıq. Ermənilər torpaqlarımızı viran qoydu, abidələrimizi, məscidlərimizi dağıtdı, insanlarımızı doğma yurdlarından qovdu. Amma bütün bu illərdə dünya Azərbaycanın həmin ərazilər üzərindəki suverenliyini tanıyırdı. Və nəhayət, Vətən müharibəsində qazandığımız tarixi Zəfər, ardınca Laçın nəzarət-buraxılış məntəqəsinin qurulması, 2023-cü ilin antiterror tədbirləri ilə biz öz haqqımızı öz gücümüzlə bərpa etdik.
Bu gün 20 Sentyabr – Dövlət Suverenliyi Günü bizim təqvimimizdə ən möhtəşəm günlərdən biridir. Çünki bu tarix Azərbaycanın yalnız müstəqilliyini deyil, həm də bütövlüyünü təsdiqləyir. Bu günün qeyd olunması, əslində, gələcək nəsillərə bir mesajdır: heç bir qüvvə xalqın iradəsindən güclü ola bilməz. Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı Sərəncamla bu günün rəsmi bayram elan edilməsi, 2025-ci ilin isə “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması, dövlətçilik tariximizin ən mühüm səhifələrindən birini təşkil edir.
Mən bir vətəndaş olaraq qürur duyuram ki, bu gün Azərbaycanın tam suveren dövlətinin övladıyıq. Artıq ölkəmizin sərhədləri toxunulmazdır, ərazilərimiz bütövdür, daxili sabitliyimiz möhkəmlənib. Qarşımızda duran vəzifə bu nailiyyətləri qoruyub saxlamaq, inkişafı daha da sürətləndirmək, müstəqilliyimizi gücləndirməkdir. Suverenliyimiz xalqımızın milli sərvətidir və biz onu nəsildən-nəsilə ötürməliyik.
Bu gün mən fəxrlə deyirəm: Azərbaycan artıq tam suveren dövlətdir, və bu, bizim ən böyük qələbəmiz, gələcək nəsillərə buraxacağımız ən dəyərli mirasımızdır.
Xocalı rayon ziyalısı Ayşə Əliyeva