Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” haqqında Sərəncamının 5.1.2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Xocalı rayon İcra Hakimiyyəti tərəfindən ətraf mühitin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir.
Bu istiqamətdə görülən işlərin davamı olaraq, 2025-ci ilin 25 dekabr tarixində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində “Atmosfer havasının çirklənməsi üzrə avtomatik monitorinq şəbəkəsinin və vahid məlumat bazasının genişləndirilməsi” mövzusunda rayon ictimaiyyəti ilə maarifləndirici görüş təşkil olunmuşdur.
Tədbirin əsas məqsədi atmosfer havasının keyfiyyətinə nəzarətin gücləndirilməsi, ətraf mühitə təsir edən amillərin vaxtında müəyyən edilməsi və ictimaiyyətin bu sahədə məlumatlandırılmasının təmin olunmasıdır. Görüş zamanı mütəxəssislər tərəfindən avtomatik monitorinq sistemlərinin funksiyaları, real vaxt rejimində məlumatların toplanması və vahid məlumat bazasının əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, atmosfer havasının çirklənməsinin operativ şəkildə izlənilməsi ətraf mühitin qorunması ilə yanaşı, əhalinin sağlamlığının təmin olunmasında mühüm rol oynayır. Avtomatik monitorinq şəbəkəsinin genişləndirilməsi nəticəsində çirklənmə mənbələrinin daha dəqiq müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi mümkün olacaqdır.
Maarifləndirici görüşdə iştirak edən sakinlər mövzu ətrafında fikir mübadiləsi aparıb, havanın çirklənməsinin qarşısının alınmasında hər bir vətəndaşın məsuliyyəti vurğulanıb. Tədbir ictimai iştirakçılığın artırılması və ekoloji şüurun formalaşdırılması baxımından yüksək qiymətləndirilib.
Qeyd edək ki, bu kimi maarifləndirmə tədbirləri ölkəmizdə ekoloji təhlükəsizliyin təmin olunmasına, dayanıqlı inkişaf hədəflərinə nail olunmasına və ətraf mühitin mühafizəsi sahəsində dövlət siyasətinin uğurla icrasına xidmət edir.