Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalılar 27 Sentyabr – Anım Günündə şəhidlərin xatirəsini yad ediblər - VİDEO

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • Ölkəmizin bütün bölgələrində olduğu kimi, 27 Sentyabr – Anım Günü ilə əlaqədar xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də anım tədbiri keçirilib.



    Mərasimdə Xocalı Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.



    Tədbir iştirakçıları əvvəlcə qəsəbədə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət ediblər. Şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülüb, onların ruhuna dualar oxunub.



    Tədbir ağacəkmə aksiyası ilə davam etdirilib.



    Xocalı Rayon Mədəniyyət Evində davam edən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.



    Mərasimdə çıxış edən Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva bildirib ki, 27 Sentyabr – Anım Günü Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyət daşıyan günlərdəndir. Onun sözlərinə görə, Vətən müharibəsinin başlamasından ötən illər ərzində Azərbaycan xalqının 30 illik işğala son qoymaq uğrunda apardığı mübarizənin tarixi nəticələri bir daha təsdiqlənib.



    Qeyd olunub ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər tarixi ədalətin bərpasına yol açıb, xalqımızın milli iradəsini, birliyini və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirib. Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrilib.



    Sonra “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə”, “Şücaətə görə”, “Cəsur döyüşçü” və “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilmiş, Vətən müharibəsinin, Fərrux əməliyyatının və lokal xarakterli antiterror əməliyyatlarının iştirakçısı Şəhriyar Zamanov çıxış edib.



    O bildirib ki, Böyük Zəfərin əldə olunmasında xalqın birliyi və arxa cəbhədə göstərilən fədakarlıq mühüm rol oynayıb:



    “Azərbaycan əsgəri döyüş meydanında irəliləyərkən arxasında xalqımızın gücünü hiss edirdi. Orduya olan inam və xalqımızın həmrəyliyi qələbəmizin əsas amillərindən biri oldu”.



    Xocalı soyqırımı zamanı həyat yoldaşını və övladını itirmiş Məlahət Əliyeva da çıxış edərək torpaqlarımızın işğaldan azad olunmasının şəhid ailələri üçün mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıb.



    O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası şəhidlərin ruhlarının şad olmasına, onların ailələrinin isə mənəvi rahatlıq tapmasına səbəb olub:



    “Ruhları nigaran qalan şəhidlərimizin viran qalmış məzarlarını ziyarət etmək imkanımız oldu. Buna görə Vətən müharibəsinin başladığı 27 Sentyabr – Anım Günü bizim üçün həm şanlı, həm də müqəddəs tarixdir”.



    Daha sonra Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin qəhrəmanlığından danışıb.



    O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalına son qoyulub və Azərbaycanın işğal altında olan ərazilərinin böyük hissəsi azad edilib.



    Rayon rəhbəri, həmçinin 19 sentyabr 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarının Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələndiyini diqqətə çatdırıb.



    Yekunda 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Əsrə bərabər il” adlı film nümayiş etdirilib.



    Anım Günü ilə əlaqədar saat 12:00-da Aşağı Ağcakənd qəsəbəsində nəqliyyat və piyadaların hərəkəti dayandırılıb. Avtomobillər səs siqnalları verib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.



    Tədbir çərçivəsində şəhidlərin xatirəsinə ehtiram ifadə olunub, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi7 saat öncə
    İzlənib6 dəfə
    xocali 27 sentyabr anim gunu xocali anim gunu xocali sehidlerimiz sehidlerimiz veten muharibesi 44 gunluk veten muharibesi azerbaycan sehidler xocali xeberleri asagi agcakend xocali rayon i
    Maraqlı gələ bilər
    197