0
Xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.
Faktxeber.Az xəbər verir ki, tədbirdə rayonun aidiyyəti qurumlarının rəhbərləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Müşavirədə dövlət başçısının nitqində əksini tapan inkişaf prioritetləri, milli təhlükəsizliyin və dövlət müstəqilliyinin qorunması, iqtisadi inkişafın davam etdirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də milli-mənəvi dəyərlərin mühafizəsi istiqamətində qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Çıxışlar zamanı qeyd olunan istiqamətlər üzrə tədbirlərin ardıcıl həyata keçirilməsinin, dövlət siyasətindən irəli gələn vəzifələrin yerli səviyyədə əlaqələndirilməsinin və ictimaiyyətin bu proseslərdə iştirakının əhəmiyyəti vurğulanıb.
Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov müşavirədə çıxış edərək qarşıya qoyulan vəzifələrin icrasının vacibliyinə diqqət çəkib. O, rayonda həyata keçirilən bərpa və quruculuq işləri, eləcə də Xocalıya qayıdış prosesi barədə danışıb. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə yaşayışın bərpası, sosial infrastrukturun inkişafı və sakinlərin doğma yurdlarına qayıdışı mühüm istiqamətlərdəndir.
Müşavirədə Xocalıda kənd təsərrüfatının inkişafı məsələlərinə də toxunulub. Bu çərçivədə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramından irəli gələn vəzifələr diqqətə çatdırılıb. Qeyd olunan sahələrin inkişafı, istehsal imkanlarından səmərəli istifadə və iqtisadi fəaliyyətin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Tədbirdə çıxış edən digər natiqlər təhsil və maarifləndirmə işinin gücləndirilməsi, ailələrlə işin səmərəli təşkili, gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişdirilməsi, milli-mənəvi dəyərlərin qorunması və ictimai iştirakçılığın artırılmasının əhəmiyyətini vurğulayıblar.
Müzakirələrdə qarşıda duran vəzifələrin həyata keçirilməsi zamanı aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi, görülən işlərin səmərəliliyinin artırılması və ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub.
Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.
| Bölmə | Cəmiyyət |
| Kateqoriya | Cəmiyyət |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 2 saat öncə |
| İzlənib | 13 dəfə |