20 Yanvar – Qaranlıq Gecədən Doğan Milli Oyanış
20 Yanvar gecəsi Azərbaycan xalqının yaddaşına silinməz izlərlə həkk olunub. Bu tarix mənim üçün təkcə kədər və itki deyil, həm də bir xalqın öz taleyinə sahib çıxmaq iradəsinin açıq ifadəsidir. 1990-cı ilin o qarlı yanvar gecəsində Bakı və Azərbaycanın bir sıra bölgələri ağır hərbi texnikanın səsi ilə oyandı. Küçələrə çıxan dinc insanlar silahsız idilər, amma ürəklərində azadlıq istəyi vardı. Sovet ordusu isə bu istəyə güllə və tanklarla cavab verdi.
Bu faciə birdən-birə baş vermədi. İllərlə yığılan haqsızlıqlar, azərbaycanlıların Ermənistandakı doğma yurdlarından qovulması, Dağlıq Qarabağa qarşı açıq və gizli təzyiqlər xalqın səbrini tükətmişdi. İnsanlar haqq səsini ucaltmışdı. Amma mərkəzi hakimiyyət bu səsi eşitmək istəmədi. Əksinə, Bakıya on minlərlə əsgər yeridərək xalqı qorxu ilə susdurmaq istədi. Fövqəladə vəziyyət elan olunmadan şəhərə daxil olan qoşun hissələri qarşılarına çıxanı əzməkdən çəkinmədi. O gecə günahsız insanlar həyatını itirdi, yüzlərlə ailə yasa qərq oldu.
Lakin 20 Yanvar xalqın iradəsini qıra bilmədi. Əksinə, bu qan milli azadlıq hərəkatının daha da güclənməsinə səbəb oldu. Şəhidlərin dəfni sadəcə matəm mərasimi deyildi, bu, milli birliyin nümayişi idi. İnsanlar qorxmadan küçələrə axışdı, öz mövqeyini açıq şəkildə ortaya qoydu. Sovet imperiyası həmin gün anladı ki, Azərbaycan xalqını zorla idarə etmək artıq mümkün deyil.
Bu qanlı hadisələrə ilk açıq siyasi-hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi. O, böyük risklərə baxmayaraq, 20 Yanvarı insanlığa qarşı törədilmiş ağır cinayət adlandırdı və Azərbaycan xalqının yanında olduğunu bəyan etdi. Sonralar da onun təşəbbüsü ilə bu faciəyə dövlət səviyyəsində hüquqi qiymət verildi, günahkarların adı tarixə yazıldı. Şəhidlərin xatirəsi əbədiləşdirildi, onların fədakarlığı unudulmadı.
Bu gün 20 Yanvar Azərbaycan üçün həm hüzn, həm də qürur günüdür. Hər il bu tarixdə bütün ölkə bir dəqiqəlik sükuta qərq olur. Bu sükutda minlərlə söz var: azadlıq, ləyaqət, mübarizə, şəhidlik. Bu gün biz başa düşürük ki, müstəqillik asan qazanılmayıb. O, qan bahasına əldə olunub.
Bu gün müstəqil Azərbaycan güclü dövlətdirsə, torpaqlarımız azaddırsa, bayrağımız bütün ərazilərimizdə dalğalanırsa, bunun təməlində 20 Yanvar şəhidlərinin müqəddəs qanı dayanır. Onlar qaranlıq bir gecədə işıq oldular. 20 Yanvar – xalqın sınmadığı, əksinə, ayağa qalxdığı gündür. Bu tarix yaddaşımızda yaşadıqca, Azərbaycan da yaşayacaq.
Xocalı rayon ziyalısı Xalidə Əmraslanova