0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı ildə Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Berlində keçirilmiş yüksək səviyyəli görüşlər, aparılmış müzakirələr və imzalanmış sənədlər göstərir ki, Azərbaycan–Almaniya əməkdaşlığı artıq ənənəvi ikitərəfli əlaqələr çərçivəsindən çıxaraq strateji dialoq, enerji təhlükəsizliyi, investisiya, nəqliyyat bağlantıları və regional sülh məsələlərini əhatə edən geniş tərəfdaşlıq modelinə çevrilir.
Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 20 fevral 1992-ci ildə qurulub. Ötən dövr ərzində iki ölkə arasında davamlı siyasi dialoq formalaşıb, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq genişlənib. Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri isə mövcud münasibətlərin daha sistemli, institusional və uzunmüddətli əsaslar üzərində inkişaf etdirilməsi üçün yeni imkanlar yaradıb.
Səfərin ən mühüm nəticələrindən biri Prezident İlham Əliyev və Almaniyanın Federal Kansleri Fridrix Merts tərəfindən “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanmasıdır. Bununla yanaşı, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamə də imzalanıb. Bu sənədlər iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsini, iqtisadi münasibətlərin genişləndirilməsini və əməkdaşlığın konkret mexanizmlər əsasında həyata keçirilməsini nəzərdə tutur. Federal Kansler Fridrix Merts də imzalanmış bəyannamələri ikitərəfli münasibətlərin genişləndirilməsi üçün mühüm təməl kimi qiymətləndirib.
Prezident İlham Əliyevin mətbuat üçün bəyanatında qeyd etdiyi kimi, Azərbaycan uzun müddətdir Almaniya ilə strateji dialoqun başlanmasında maraqlı idi və Berlin səfəri nəticəsində bu məqsədə nail olunub. Strateji dialoqun başlanması münasibətlərin yalnız ayrı-ayrı layihələr üzrə deyil, ortaq siyasi və iqtisadi prioritetlər əsasında əlaqələndirilməsinə imkan verəcək. İmzalanmış sənədlərin icrası məqsədilə bir neçə işçi qrupunun yaradılmasının planlaşdırılması da əldə olunmuş razılaşmaların praktik nəticələrə çevriləcəyini göstərir.
Azərbaycan–Almaniya münasibətlərinin iqtisadi istiqaməti səfərin əsas müzakirə mövzularından biri olub. Hazırda Azərbaycanda 200-dən çox Almaniya şirkətinin fəaliyyət göstərməsi iki ölkənin işgüzar dairələri arasında artıq möhkəm əməkdaşlıq bazasının formalaşdığını göstərir. Prezident İlham Əliyev səfərdən sonra Azərbaycanda fəaliyyət göstərən Almaniya şirkətlərinin sayının artacağına əminliyini ifadə edib və onların daha geniş çərçivədə fəaliyyət göstərməsi üçün konkret təkliflərin irəli sürüldüyünü bildirib. Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması qarşılıqlı investisiya imkanlarının müəyyənləşdirilməsi, sahibkarlar arasında birbaşa əlaqələrin qurulması və yeni layihələrin həyata keçirilməsi baxımından mühüm platforma rolunu oynaya bilər.
Almaniya tərəfinin Azərbaycanın təklif etdiyi investisiya proqramına maraq göstərməsi də səfərin mühüm iqtisadi nəticələrindəndir. Federal Kansler Fridrix Mertsin sözlərinə görə, bu proqram Azərbaycanda fəaliyyət göstərən Almaniya şirkətləri üçün yeni imkanlar aça bilər. Xüsusilə sənaye, texnologiya, nəqliyyat infrastrukturu, bərpaolunan enerji, kənd təsərrüfatı, su ehtiyatlarının idarə edilməsi və hidrogen istehsalı kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Birgə Bəyannamədə də ticarət və investisiya imkanlarının təşviqi, yaşıl enerji, enerji səmərəliliyi, aşağı karbonlu hidrogen və davamlı iqtisadi inkişaf istiqamətləri prioritet əməkdaşlıq sahələri kimi müəyyənləşdirilib.
Enerji əməkdaşlığı Azərbaycan–Almaniya tərəfdaşlığının strateji sütunlarından birinə çevrilməkdədir. Prezident İlham Əliyevin bəyanatına əsasən, 2026-cı ildən etibarən Azərbaycan təbii qazının Almaniyaya ixracına başlanılıb. Bununla da Azərbaycan qazını alan Avropa İttifaqı ölkələrinin sayı 10-a çatıb. Azərbaycanın Almaniyaya xam neft ixrac etməsi, gələcəkdə isə yaşıl enerjisini Avropa bazarına çatdırmağı planlaşdırması enerji münasibətlərinin uzunmüddətli və çoxşaxəli xarakter daşıdığını göstərir.
Almaniya da enerji mənbələrinin şaxələndirilməsi baxımından Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Federal Kansler Fridrix Merts Cənub Qaz Dəhlizi vasitəsilə neft və təbii qaz təchizatının xüsusi əhəmiyyət daşıdığını, Almaniyanın Azərbaycanla əməkdaşlıq etməklə enerji təminatını daha da diversifikasiya etmək istədiyini bildirib. Tərəflərin bərpaolunan enerji və hidrogenlə bağlı əməkdaşlıq imkanlarını müzakirə etməsi onu göstərir ki, münasibətlər yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmayacaq, Avropanın yaşıl transformasiya strategiyasını da əhatə edəcək.
Səfər çərçivəsində nəqliyyat bağlantıları və tranzit imkanları da xüsusi diqqət mərkəzində olub. Azərbaycanın coğrafi mövqeyi, inkişaf etdirilən liman, dəmir yolu və avtomobil yolu infrastrukturu ölkəni Orta Asiya ilə Avropa arasında mühüm logistika mərkəzinə çevirir. Azərbaycanın Orta Asiya dövlətlərinin məşvərət formatına tamhüquqlu üzv olması bu körpü rolunu daha da gücləndirib. Almaniya şirkətlərinin logistika, nəqliyyat texnologiyaları və infrastruktur sahəsindəki təcrübəsi nəzərə alınarsa, Orta Dəhliz və digər regional ticarət marşrutları üzrə əməkdaşlıq iki ölkə üçün əhəmiyyətli iqtisadi imkanlar yarada bilər. Federal Kansler də Cənubi Qafqazın Avropa ilə Asiya arasında əlaqələndirici region kimi əhəmiyyətinin artdığını və yeni nəqliyyat-ticarət dəhlizlərinin böyük iqtisadi potensiala malik olduğunu vurğulayıb.
Azərbaycan–Almaniya münasibətlərinin regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti də xüsusi qeyd edilməlidir. Prezident İlham Əliyev Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh sazişinin paraflanması və 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamənin imzalanmasının 30 ilə yaxın davam etmiş münaqişəyə faktiki son qoyduğunu bildirib. Azərbaycan bundan sonra praktiki addımlara keçərək Ermənistanın enerji təhlükəsizliyinə töhfə verən benzin və dizel yanacağı təchizatını həyata keçirib, həmçinin Azərbaycan ərazisi vasitəsilə Ermənistana tranzit daşımaların genişlənməsinə şərait yaradıb. Prezidentin açıqlamasına görə, artıq Azərbaycan ərazisindən 40 min tondan çox tranzit yük keçib.
Azərbaycan torpaqlarının işğalına öz gücü ilə son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Ermənistana sülh təklif edib. Almaniya hökumətinin sülh prosesinə verdiyi dəstək, o cümlədən Almaniyada Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşlərin keçirilməsi Bakı tərəfindən yüksək qiymətləndirilir. Birgə Bəyannamədə də Almaniya Azərbaycanın və Ermənistanın davamlı sülhə nail olmaq istiqamətində göstərdikləri səylərə tam dəstəyini ifadə edib.
Federal Kansler Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşmanı tarixi adlandıraraq, bu prosesin onilliklər davam etmiş münaqişənin aradan qaldırılması üçün real imkan yaratdığını bildirib. Almaniya və Avropa İttifaqı Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsini yalnız regional təhlükəsizlik deyil, Avropa–Asiya iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından da mühüm hesab edir. Sabit Cənubi Qafqaz yeni investisiyalar, enerji layihələri, nəqliyyat dəhlizləri və regional iqtisadi inteqrasiya üçün daha əlverişli şərait yaradır.
Berlin səfəri eyni zamanda Azərbaycan–Avropa İttifaqı münasibətləri kontekstində mühüm əhəmiyyət daşıyır. Almaniya Avropa İttifaqının aparıcı siyasi və iqtisadi dövlətlərindən biri kimi Azərbaycanın Avropa ilə əməkdaşlığının genişləndirilməsinə ciddi təsir imkanlarına malikdir. Birgə Bəyannamədə Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyəti vurğulanıb, siyasi dialoqun və praktik əməkdaşlığın dərinləşdirilməsi, yenilənmiş tərəfdaşlıq prioritetlərinin qəbul olunması və mövcud dialoq mexanizmlərindən tam istifadə edilməsi dəstəklənib.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin 2026-cı ildə Azərbaycana səfərləri Bakı ilə Brüssel arasında əlaqələrin yüksələn dinamika ilə inkişaf etdiyini göstərir. Almaniyanın bu prosesdə fəal mövqe tutması Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının enerji, nəqliyyat, iqtisadiyyat və siyasi dialoq istiqamətlərində daha da güclənməsinə töhfə verə bilər.
Beləliklə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni strateji mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. İmzalanmış sənədlər siyasi dialoqun institusionallaşdırılması, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi, enerji tərəfdaşlığının dərinləşdirilməsi, Orta Dəhliz üzrə əməkdaşlığın gücləndirilməsi və Cənubi Qafqazda davamlı sülhün dəstəklənməsi üçün konkret çərçivə yaradır. Azərbaycan Almaniya üçün etibarlı enerji və nəqliyyat tərəfdaşı, Almaniya isə Azərbaycan üçün mühüm texnologiya, investisiya və Avropa tərəfdaşına çevrilir. Bu qarşılıqlı maraqlar əsasında formalaşan strateji gündəlik yalnız iki ölkənin münasibətlərinə deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinə, iqtisadi inkişafına və Avropa ilə Asiya arasında əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.
| Bölmə | Ümumi |
| Kateqoriya | Ümumi |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 14 saat öncə |
| İzlənib | 20 dəfə |