Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan əlifbası

0


  • Dil bir xalqın kimliyidir. Hər bir millət öz dilində danışaraq varlığını təsdiq edir, tarixini yaşadır, gələcəyinə yol açır. Biz azərbaycanlılar olaraq, öz ana dilimizlə - Azərbaycan dili ilə həmişə fəxr etmişik və etməliyik. Bu dilin ahəngi, zənginliyi, poetikliyi elə bir səviyyədədir ki, onu eşidən yadlar belə bəzən nə dediyimizi anlamasalar da, onun melodiyasına valeh olurlar.

    Azərbaycan dili bizim üçün təkcə ünsiyyət vasitəsi deyil. Bu dil bizim milli kimliyimizin mayası, ruhumuzun səsi, tariximizin daşıyıcısıdır. Ancaq bu dilin bugünkü möhtəşəm statusuna gəlməsi asan başa gəlməyib. Uzun illər boyunca ana dilimiz müxtəlif dövrlərdə sıxışdırılıb, ögey münasibətlə qarşılanıb, unudulmağa çalışılıb. Xüsusilə sovet dövründə Azərbaycan dili rəsmi dairələrdə rus dilinin kölgəsində qalırdı, təhsil və ictimai həyatın əsas dili kimi bir çox hallarda diqqətdən kənarda qalırdı.

    Amma bu ağır və mürəkkəb dövrdə bir insan var idi ki, Azərbaycan dilinə sahib çıxdı, onu qorudu, yüksəltdi – Ulu Öndər Heydər Əliyev. Onun liderliyi dövründə, xüsusən 1978-ci ildə Konstitusiyaya “Azərbaycan dilinin dövlət dili olması” ilə bağlı maddənin salınması tarixi addım idi. O vaxt bu, bəlkə də bir çoxları üçün sadəcə bir cümlə kimi görsənirdi, amma əslində milli şüurun yüksəlişi idi, dilimizin gələcək müstəqilliyinin başlanğıcı idi.

    Heydər Əliyev nəinki o dövrün çətinliklərinə baxmayaraq Azərbaycan dilinin rəsmi status almasına nail oldu, eyni zamanda xalqın içində də dil sevgisini alovlandırdı. O dəfələrlə çıxışlarında deyirdi ki, öz dilini bilməyən adam öz tarixini də yaxşı bilməz. Onun sözləri bu gün də yaddaşlarda yaşayır: “Bizim Azərbaycan dili şeir dilidir”. Bu cümlə sadəcə bir tərif deyil, bu, bizim dilimizin ruhuna verilmiş qiymətdir.

    Azərbaycan müstəqillik qazandıqdan sonra dil məsələsi daha da aktuallaşdı. 1995-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması bu sahədə ən önəmli hüquqi əsas oldu. Sonrakı illərdə isə həm Ulu Öndərin, həm də Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlarla dilimizin inkişafı, qorunması, təbliği istiqamətində mühüm addımlar atıldı. 2001-ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili günü”nün təsis edilməsi ilə artıq hər il 1 avqustda bu dəyərlərimizə xüsusi diqqət yönəldilir.

    Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bu gün Azərbaycan dili 50 milyondan artıq insanın ana dilidir və bu, sadəcə statistik bir rəqəm deyil, bu, böyük bir millətin mədəni sərvətidir. Dövlət başçısının imzaladığı proqramlar və sərəncamlar, xüsusən də Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi və dilin saflığının qorunması ilə bağlı sənədlər, bir daha göstərir ki, bu sahə dövlətin daim diqqətindədir.

    Amma bütün bu qərarlar, qanunlar, fərmanlar yalnız kağız üzərində qalsa, heç bir əhəmiyyəti olmaz. Ən vacib məsələ budur ki, hər bir azərbaycanlı öz ana dilinə sevgi ilə yanaşmalı, onu düzgün bilməli, təmiz danışmalı, qorumağı borc bilməlidir. Xüsusilə gənc nəsil bilməlidir ki, xarici dilləri öyrənmək vacibdir, amma öz dilini bilmək – və ən əsası, sevmək – bir azərbaycanlı üçün ən müqəddəs borcdur.

    Azərbaycan dili bizim söz xəzinəmizdir. Ədəbiyyatımız bu dildə yaradılıb, tariximiz bu dildə danışılıb, mədəniyyətimiz bu dildə yazılıb. Bu dili sevmək, yaşatmaq – sadəcə bir vətəndaşlıq vəzifəsi deyil, həm də mənəvi məsuliyyətdir. Hər kəs öz nitqində, yazısında, gündəlik həyatında bu dilin saf və zəngin formasına üstünlük verməlidir.

    Sonda bir daha vurğulamaq istərdim ki, 1 Avqust təkcə bir bayram deyil. Bu gün bizi bir daha düşünməyə vadar edir: Dilimizi necə qoruyuruq? Nə qədər düzgün danışırıq? Övladlarımıza bu dili necə aşılayırıq? Əgər biz bu suallara dürüst və vicdanla cavab verə biliriksə, demək ki, Ulu Öndərin başladığı yola layiqincə davam edirik.

    Azərbaycan dilinə sahib çıxmaq – bu gün hər birimizin vətəndaşlıq borcudur. Və bu borcu yerinə yetirdikcə, həm dilimiz, həm də dövlətçiliyimiz daha da güclənəcək

    Xocalı rayon ziyalısı Bəylər Bəylərzadə
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 gün öncə
    İzlənib2 dəfə
    Azərbaycan əlifbası

    Maraqlı gələ bilər
    72
    34