0
İşğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi Azərbaycan dövlətinin qarşısında duran mühüm vəzifələrdəndir. Bu istiqamətdə Kəlbəcər rayonunda həyata keçirilən genişmiqyaslı layihələr bölgənin sosial-iqtisadi inkişafına, müasir yaşayış mühitinin yaradılmasına və əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə təsdiq edilmiş “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” şəhərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir. Baş plan müasir şəhərsalma prinsipləri, ekoloji tarazlıq, sosial infrastrukturun əlçatanlığı və sakinlərin rahat yaşayışının təmin edilməsi əsasında hazırlanmışdır.
Kəlbəcər şəhərinin işğaldan əvvəlki son Baş planında şəhərin ərazisi 130 hektar, əhalisinin sayı isə 7500 nəfər nəzərdə tutulmuşdu. Yeni inkişaf konsepsiyasına əsasən, şəhərin ərazisinin 290 hektara yaxın genişləndirilməsi, əhalisinin sayının isə 17 min nəfərə çatdırılması planlaşdırılır.
2040-cı ilədək şəhərdə ümumi yaşayış fondunun 488 min kvadratmetr təşkil etməsi və əhalinin 4250 mənzillə təmin olunması nəzərdə tutulur. Şəhərin mərkəzində ortamərtəbəli yaşayış və inzibati binalar, ətraf ərazilərdə isə fərdi yaşayış evləri inşa ediləcəkdir. Bununla yanaşı, 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, idman və ictimai-iaşə obyektlərinin yaradılması planlaşdırılır.
Kəlbəcərdə həyata keçirilən mühüm yaşayış layihələrindən biri 524 ailəlik yaşayış məhəlləsidir. Ümumi sahəsi 19,5 hektar olan bu kompleksdə müasir mənzillər, fərdi yaşayış evləri, istirahət guşələri, uşaq oyun meydançaları, idman infrastrukturu və yaşıllıq sahələri nəzərdə tutulmuşdur.
2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı doğma şəhərlərinə köçmüş 20 ailəyə mənzillərin açarlarının təqdim edilməsi Böyük Qayıdış prosesinin əlamətdar hadisələrindən biri olmuşdur. Təqdim edilən məlumatlara əsasən, 2026-cı il noyabrın 6-dək Kəlbəcərdə 162 ailə olmaqla 681 nəfər məskunlaşmışdır.
Kəlbəcər rayonunun kəndlərinin yenidən qurulması da genişmiqyaslı proqram əsasında həyata keçirilir. Yanşaq kəndində 421, Zallar kəndində 487, Zar kəndində isə 855 ailənin məskunlaşdırılması planlaşdırılır. Bu yaşayış məntəqələrində fərdi evlərlə yanaşı, məktəblərin, uşaq bağçalarının və digər sosial infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulmuşdur.
Şəhərsalma layihələrində ətraf mühitin mühafizəsi xüsusi yer tutur. Baş plana əsasən, Kəlbəcər şəhərinin ərazisinin 22 faizini yaşıllıq sahələri təşkil edəcəkdir. Şəhərdə 60 hektara yaxın yaşıllıq ərazisinin yaradılması, parkların salınması, avtomobil və velosiped yollarının müasir standartlara uyğun qurulması sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəkdir.
Kəlbəcərdə həyata keçirilən bu layihələr yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmır. Əsas məqsəd insanların rahat yaşaya, təhsil ala, işləyə və sosial xidmətlərdən istifadə edə biləcəyi müasir yaşayış mühitinin formalaşdırılmasıdır.
2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” olması baxımından Kəlbəcərdə aparılan yenidənqurma işləri xüsusi məna daşıyır. Tarixi memarlıq ənənələri ilə müasir şəhərsalma yanaşmalarının uzlaşdırılması Kəlbəcərin gələcək inkişafına mühüm töhfə verəcəkdir.
Bu gün Kəlbəcər öz tarixinin yeni dövrünü yaşayır. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanların geri qayıtması, yeni yaşayış məhəllələrinin salınması və müasir infrastrukturun yaradılması bölgədə həyatın yenidən canlanmasının bariz nümunəsidir.
Xocalı rayon ziyalisi Zülfü Quliyev.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 5 saat öncə |
| İzlənib | 14 dəfə |