Kəlbəcərin sıldırım qayaları, qarlı zirvələri illərlə bizdən ayrı düşsə də, heç vaxt yad olmadı. Hər birimizin ürəyində o dağların səsi, bulaqların şırıltısı, çəmənlərin ətri yaşayırdı. Bu gün o səs yenidən bizə qovuşdu.
Azadlıq xəbərini eşidəndə sanki illərlə ürəyimizdə daş kimi duran yük birdən götürüldü. Prezidentimizin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti nəticəsində Kəlbəcər yenidən öz övladlarına qucaq açdı. İndi o torpaq təkcə vətən deyil, həm də qürur, zəfər və əzmin timsalıdır.
Köç karvanı dağlara tərəf yola çıxanda hər kəsin üzündə həm həyəcan, həm də sevinci boğmayan göz yaşı vardı. Yol boyu illərin xatirələri canlandı – uşaqlığımızın oyunları, babalarımızın nağılları, analarımızın ocaq başında söylədiyi dualar. Və nəhayət, doğma ocağın qapısı açıldı, illərdən sonra evlərə işıq, həyətlərə uşaq gülüşü qayıtdı.
Bu gün Kəlbəcərdə yenidən həyat başlayır. Məktəblərin qapısı uşaqlara, bağçaların həyəti körpələrə, çayların sahili isə xatirələrə açıqdır. Hər daşda, hər ağacda bir həyat izi var. Bu torpaqlara qayıdış sadəcə bir köç deyil – xalqın zəfər dastanının davamıdır.
Bizim ümidimiz, sevincimiz, gələcəyimiz Kəlbəcərdə boy atır. Çünki bu torpaq bizə və biz bu torpağa əbədi bağlıyıq
Xocalı rayon ziyalısı Qoşqar Orucov