Oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev çıxışı zamanı bir daha Azərbaycan-Tacikistan dostluğunun səmimi və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib. Dövlət başçısı Tacikistanın son illərdə əldə etdiyi uğurları yüksək qiymətləndirərək, Düşənbənin hər gəlişində daha da gözəlləşdiyini, yeni binaların, abadlıq işlərinin ölkənin inkişafını aydın şəkildə göstərdiyini vurğulayıb. Prezident İlham Əliyev Tacikistan xalqını və rəhbərliyini bu nailiyyətlər münasibətilə səmimi qəlbdən təbrik edib.
Ölkə başçısı çıxışında MDB məkanında humanitar əlaqələrin möhkəmləndirilməsinə də toxunub. O, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı seçilməsini xüsusi qeyd edərək, bu qərara görə bütün MDB dövlət başçılarına minnətdarlığını bildirib. Prezidentin sözlərinə görə, Laçında keçirilən “MDB-nin mədəniyyət paytaxtı ili”nin açılış mərasimi təkcə Azərbaycanın deyil, bütün regionun mədəniyyət həyatında önəmli hadisə olub. Ermənistanın 30 illik işğalından azad edilmiş Laçının qısa müddətdə tam bərpa olunması və müasir şəhərə çevrilməsi Azərbaycanın yenidənqurma gücünün, xalqımızın əzminin göstəricisidir.
Prezident İlham Əliyev, həmçinin, sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə və digər şəhərlərdə keçirilən III MDB Oyunlarını MDB məkanında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm hadisə kimi qiymətləndirib. O bildirib ki, Gəncə, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə baş tutan yarışlarda 13 ölkədən 1600-dən çox idmançı iştirak edib. Bu kimi tədbirlər ölkələr arasında dostluğu, qarşılıqlı hörməti və etimadı artırır.
Xocalı rayon ziyalısı Məmməd Nağıyev